Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Rusiyanın Xocalıda erməni məktəbini bərpa etməsi nə deməkdir?” - Sabiq nazir cavab verir

“Təsəvvür edə  bilmərəm ki, Qarabağda Ermənistan valyutası işlənilsin,  oradakı müəssisələr işğalçı ölkə tərəfindən maliyyələşdirilsin...”




Məlum 10 Noyabr razılaşmasına əsasən  Rusiya sülhməramlı qüvvələrinin Qarabağda, o cümlədən dünən – dekabrın 1-də azad edilmiş Laçın rayonunun  mərkəzi və Şuşa rayonunadək “dəhliz” adlanan hissədə də yerləşdirilməsinin 44 günlük müzəffər savaşımızdan sonra yaranmış mövcud yeni geo-siyasi reallıqda bir sıra müsbət tərəfləri olsa da,  ilk baxışdan xırda görünən, lakin gələcək perspektivdə təhlükə anonsu kimi nəzərə çarpan bəzi məqamlar da var... 

Öncədən xəbər verdiyimiz kimi, Rusiya Fövqəladə Hallar Nazirliyinin əməliyyat qrupu Azərbaycan Respublikasının 28 ildən çoxdur Ermənistan işğalı altında qalan   “İvanyan” adlandırılmış  Xocalı şəhərindəki bir məktəbin bərpasına başlayıb. Bu haqda noyabrın 29-da Rusiya FHN-in rəsmi saytında məlumat yayılıb.  Məhz bundan bir gün öncə - noyabrın 28-də Qarabağdakı sülhməramlıların, o cümlədən  Rusiya FHN-in canlı qüvvə və  yük daşımalarının Azərbaycan Respublikası ərazisi vasitəsilə həyata keçirilməsinə başlanıb.  Rusiyadan Dağıstan istiqamətindən ölkəmizə dəmir yolu vasitəsilə daxil olan hərbi qulluqçular, avtomobil və xüsusi texnika, o cümlədən digər maddi-texniki təminat vasitələri müvafiq qaydada sərhəd və gömrük nəzarətindən keçib. Bərdə dəmiryol stansiyasında boşaldılan canlı qüvvə və yüklər avtomobillərlə müvafiq qaydada təyinat nöqtəsinə - yəni  ermənilərin hələ də yaşadığı keçmiş Dağlıq Qarabağa, Xankəndinə, yaxud Əsgərana, Xocalıya çatdırılıb. Politoloq  kimi tanınan bir çoxları  daşımaların Azərbaycan vasitəsilə həyata keçirilməsini  Rusiyanın ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hörmətinin növbəti nümunəsi kimi  dəyərləndirirlər... Amma sual verən yoxdur: Bəs Azərbaycanın dövlət sərhədindən, Bakıdan, Kürdəmirdən, Yevlaxdan, Bərdədən, Ağdamdan keçən sülhməramlı adlananların canlı qüvvə və yüklərinin Xocalıda və ermənilərin  digər  qanunsuz məskunlaşdığı məntəqələrimizdə onların məktəblərinin, infrastrukturlarının bərpasına xidməti  də ərazi bütövlüyümüzə və suverenliyimizə hörmətin  nümunəsidir?..
 
Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən  keçmiş Xarici İşlər Naziri Tofiq Zülfüqarov məsələni qısaca şərh edib.

“Bəlkə məlumatları bir az da dəqiqləşdirmək lazımdır. İnanmıram ki, Rusiya hökuməti tərəfindən belə bir məlumat yayılsın. Çox güman ki, bu, ermənilər tərəfindən yayılıb(Həmsöhbətimizə  xatırlatdıq ki, bəhs edilən informasiya məhz Rusiya FHN-in rəsmi saytında yayılıb. Və  noyabrın 10-dan bəri Azərbaycanın rəsmi dövlət xəritəsindəki toponimlərinin əsl adlarının Rusiya qurumları, o cümlədən MN tərəfindən təhrif olunması ilk hal deyil. Məsələn, Xankəndi əvəzinə “Stepanakert”, Ağdərə əvəzinə “Mardakert” və s.)... 

Yenə də hesab edirəm ki, bu, yanlış davranış olub. Çünki 10 Noyabr bəyanatında Rusiya sülhməramlı kontingentinin  dislpokasiya olunacaqları ərazidəki hüquq və vəzifələri müəyyənləşib. Və ona da inanmıram ki, bundan sonra da ermənilər Xocalı kimi qanunsuz məskunlaşdıqları  məntəqələrimizdə yaşamağa davam etsinlər. Düzdü, düşmən və havadarları belə cəhdlər göstərirlər. Amma  artıq Laçın da azad olunandan sonra  biz bundan sonrakı aktual məsələlər haqda düşünməliyik. Birincisi, Qarabağdakı  qeyri-qanuni erməni birləşmələrinin tərksilah olunması, ikincisi  Qarabağın ermənilərin Azərbaycan vətəndaşı kimi qalıb yaşayacağı hissəsinin iqtisadi-maliyyə baxımından respublikamıza, dövlətimizə bağlanılması. Şəxsən təsəvvür edə  bilmərəm ki, Qarabağda Ermənistan valyutası işlənilsin,  oradakı hansısa müəssisələr işğalçı ölkə tərəfindən maliyyələşdirilsin. Bütün bunlar böyük proseslərdir. Düzdü, sadaladağınız toponimlərimizin təhrifi-filan kimi məsələlər bizləri qıcıqlandırır.  Belə addımlara qarşı biz hazır olmalıyıq. Və inanmıram ki, bununla Rusiya bölgədə işğal zamanı yaranmış demoqrafik vəziyyəti qoruyub-saxlamağa çalışsın. Odur ki, biz məsələlərə təmkinlə yanaşmalıyıq. Sözsüz ki, biz ardıcıl şəkildə Qarabağın bütün ərazisində, o cümlədən Xocalıda bir dövlət kimi suverenliyimizi və bütün digər hüquqlarımızı bərpa edəcəyik. Buna heç kəsin şübhəsi olmasın...”- deyə sabiq nazir vurğulayıb.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də