Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Amil Cavadov: “Cəmiyyətimizin, ölkəmizin dayanıqlı inkişafı üçün dövlət-din münasibətlərinin çox böyük əhəmiyyəti var”

RegionTV.info
“Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu din siyasəti və onun tərkib hissəsi kimi tarixi dini abidələrin - məscid, kilsə, sinaqoqların bərpası, milli-mənəvi dəyərlərimizin, tolerantlıq ənənələrimizin təbliği və təşviqi, zəngin mədəni irsimizin beynəlxalq aləmdə tanıdılması Heydər Əliyev Fondu tərəfindən də uğurla həyata keçirilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu qısa vaxtda məscidlərin, ziyarətgahların, xristian və yəhudi məbədlərinin tikintisi və bərpasında, Azərbaycan həqiqətlərinin, o cümlədən ölkəmizdəki dini və milli dözümlülük ənənələrinin beynəlxalq aləmdə tanıdılmasında böyük uğurlara imza atıb. Tariximiz, xalqımız üçün çox böyük əhəmiyyət daşıyan Təzə Pir, İçərişəhər Cümə və Həzrət Məhəmməd, Əjdərbəy məscidləri, dünyanın ən qədim məscidlərindən biri olan, 743-cü ildə inşa edilmiş Şamaxı Cümə məscidi, Dəmirçi məscidi yenidən qurulub”.

Bu fikirləri açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Amil Cavadov deyib.

A.Cavadov xatırladıb ki, Heydər Əliyev Fondu tərəfindən "Tolerantlığın ünvanı - Azərbaycan" layihəsi çərçivəsində ölkənin müxtəlif yerlərində çoxsaylı məscid və ibadət evləri bərpa edilib:

"Xristian dini abidələri, alban kilsələri, o cümlədən Nic qəsəbəsindəki "Müqəddəs Məryəm Ana" kilsəsi, Kiş kilsəsi təmir edilib. Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Daşkəsəndəki Cümə məscidində, Xəzər rayonu, Binə qəsəbəsindəki Möhsün Səlim və İmam Rza məscidlərində, Mərdəkan qəsəbəsindəki Pirhəsən ziyarətgahı və Heydər Cümə məscidində, Buzovna qəsəbəsindəki Cümə məscidində, Gəncə şəhərindəki Şah Abbas və Həzrət Zeynəb məscidlərində yenidənqurma və əsaslı təmir-bərpa işləri görülüb. Fondun xətti ilə bərpa olunan İmam Hüseyn məscidinin istifadəyə verilməsi də milli-mənəvi dəyərlərin qorunması istiqamətində həyata keçirilən tədbirlərdəndir.
Cəmiyyətimizin, ölkəmizin dayanıqlı inkişafı üçün dövlət-din münasibətlərinin çox böyük əhəmiyyəti var. Təsadüfi deyil ki, 44 günlük Vətən müharibəsində tarixi zəfərimizdən sonra işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinə start verilən zaman dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev ilk olaraq bu ərazilərdə tarixi və dini abidələrin bərpasını qarşıya mühüm vəzifə kimi qoydu. Şanlı qələbənin əldə edilməsi nəticəsində Azərbaycanın işğaldan azad olunmuş ərazilərində geniş quruculuq işləri aparılmağa başlanıldı, o cümlədən erməni vandalizminə məruz qalmış tarixi-dini abidələrin bərpası və yaxud yenidən qurulması sahəsində mühüm addımlar atıldı. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2021-ci ildə Daşaltı və Hadrutda, Suqovuşan qəsəbəsində məscidlərin təməlinin qoyulması, Zəngilan "İmam Hüseyn", Ağdam "Cümə" və "Qiyaslı" məscidlərinin yenidən qurulması işlərinə start verilməsi, Şuşa Yuxarı Gövhər ağa, Aşağı Gövhər ağa və Saatlı məscidlərinin və Qazançı kilsəsinin bərpa edilməsi Azərbaycan dövlətinin milli-mənəvi, tolerant dəyərlərə verdiyi önəmin göstəricisidir. Prezident İlham Əliyevin Tərtər rayonunun Talış kəndinə səfəri zamanı orada ermənilərin dağıtdığı alban-udi və rus-pravoslav kilsələrində olması, hər iki ibadətgahda təmir və bərpa işlərinin aparılacağını bildirməsi, bütün dinlərə tolerant yanaşmanın növbəti təzahürüdür”.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də