Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Pakistan Azərbaycanla ticarəti genişləndirmək, Qarabağda layihələr icra etmək istəyir

RegionTV.info
Pakistan Azərbaycana böyük həcmdə mango, düyü və digər meyvə-tərvəz ixrac etmək istəyir.

Bunu İslamabad Sənaye və Ticarət Palatasının prezidenti Məhəmməd Şakel Munir deyib.

Onun sözlərinə görə, Pakistanın Azərbaycana böyük həcmdə mango göndərmək potensialı var: “Azərbaycana mango ixrac etməkdə marağımız böyükdür. Burda bizim məhsula tələb var, hazırda mangonun Azərbaycana ixrac potensialını araşdırırıq. Bununla yanaşı, Pakistanın bir sıra meyvə-tərəvəzi var ki, Azərbaycana ixrac edə bilərik. İyunun 7-də Bakıda keçirilən Azərbaycan-Pakistan biznes forumu çərçivəsində Azərbaycan tərəfindən bir sıra şirkətlərlə müzakirələr aparılıb. Həmin müzakirələrdə Azərbaycan tərəfi Pakistan mangosuna maraq ifadə edib”.

M.Munir vurğulayıb ki, Pakistan həmçinin Azərbaycana düyü ixracını genişləndirmək istəyir: “Azərbaycan bazarına Pakistan düyüsü ixrac edilir. Lakin biz daha böyük həcmdə göndərə bilərik. Pakistan düyüsü daha keyfiyyətlidir. Ümumiyyətlə, bu il Pakistanın Azərbaycana ixrac etdiyi düyünün həcmi artacaq”.

Palata rəsmisi vurğulayıb ki, biznes forumda Pakistandan Bakıya 50-dən çox şirkət gəlmişdi: “Azərbaycanda çox məhsuldar görüşlər təşkil edilib. Pakistanın biznes imkanlarını Azərbaycanda təqdim etdik. Hesab edirəm ki, bu forum ikitərəfli əməkdaşlıq üçün yaxşı təcrübədir. Həmin şirkətlər İT, qida, turizm, tikinti sektorlarını təmsil edirdi. Ümumiyyətlə, Pakistan-Azərbaycan münasibətləri yüksək səviyyədədir. Biz istəyirik ki, iqtisadi əlaqələrimiz daha da inkişaf etsin. Azərbaycan bazarında böyük potensial görürük”.

M.Munir deyib ki, görüşlər çərçivəsində turizm sahəsində ortaq layihələrin icrası müzakirə edilib: “Azərbaycanla Pakistan arasında birbaşa uçuşlar həyata keçirilir. Bu isə turizm əlaqlərinin inkişafına töhfəsini verəcək. Azərbaycanda keçirilmiş görüşlərdə tikinti sektoru ilə bağlı müzakirələr aparılıb. Pakistan şirkətləri burda tikinti layihələrində iştirak etmək istəyirlər”.

O, azad edilmiş ərazilərdə Pakistan şirkətlərinin layihələr həyata keçirmək istədiklərini vurğulayıb.

Xatırladaq ki, Azərbaycanda fəaliyyət göstərən Pakistan şirkətlərinin sayı 2 238-dir. Pakistan Azerbaycanın qeyri-neft sektoruna 4,2 milyon ABŞ dolları məbləğində investisiya yatırıb.

Bu ilin yanvar-may aylarında Azərbaycanla Pakistan arasında ticarət dövriyyəsi 12 milyon 889 min ABŞ dolları təşkil edib. Bu, 2021-ci illə müqayisədə 2,7 dəfə çoxdur.
Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin