RegionTV.info
Azərbaycan klassik vokal məktəbinin banisi, görkəmli müğənni, xalq artisti Bülbülün anadan olmasının 125-ci ildönümüdür.
Bülbül - Murtuza Məşədi Rza oğlu Məmmədov 1897-ci ildə Şuşa yaxınlığında, Xanbağı adlanan yerdə anadan olub. Səhnə fəaliyyətinə 1916-cı ildən başlayıb.
Bülbül 1920-ci ildən Azərbaycan Opera və Balet Teatrının (o zamanlar Birləşmiş Dövlət Teatrı opera truppası) solisti olub. Fəaliyyətinin ilk illərində Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" (İbn Salam), "Əsli və Kərəm" (Kərəm), Z.Hacıbəyovun "Aşıq Qərib" (Qərib) operasında oynayıb.
Bülbül Üzeyir Hacıbəylinin şah əsərində – “Koroğlu” operasında baş rolun ilk, həm də ən yaxşı ifaçısı olub. Koroğlu onun yaratdığı obrazların zirvəsidir. Bu operanı Üzeyir Hacıbəyli məhz Bülbül üçün yazıb.
1927-ci ildə Bakı Konservatoriyasını bitirib. Təhsilini davam etdirmək üçün dövlət xətti ilə İtaliyanın Milan şəhərinə gedib. 1931-ci ildə Milan Konservatoriyasını bitirərək vətənə geri dönür və Azərbaycan Dövlət Konservatoriyasında dərs deməyə başlayır.
1932-ci ildə Bülbülün təşəbbüsü ilə Azərbaycan Dövlət Konservatoriyası nəzdində Azərbaycan xalq musiqisini öyrənən elmi-tədqiqat kabineti yaradılıb. 1945-ci ildən etibarən Azərbaycan xalq musiqisinin tədqiqi ilə Azərbaycan Elmlər Akademiyasının İncəsənət İnstitutu məşğul olmağa başlayıb.
Bülbül 1938-ci ildə SSRİ xalq artisti adına layiq görülüb, 1940-cı ildə professor seçilib, 1950-ci ildən SSRİ Dövlət Mükafatı laureatıdır.
Bülbül 1961-ci il sentyabrın 26-da Bakıda vəfat edib və birinci Fəxri xiyabanda dəfn olunub.
Hazırda Bakı şəhərində mərkəzi küçələrdən biri Bülbülün adını daşıyır. Onun adına Bakı Musiqi Akademiyası nəzdində musiqi məktəbi fəaliyyət göstərir.
Ölkəmiz ikinci dəfə müstəqillik əldə etdikdən sonra bu böyük sənətkarın yaradıcılığına diqqət daha da artırılıb. Ulu öndər Heydər Əliyev tərəfindən 1997-ci il avqustun 20-də “Bülbülün 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalanıb.
Prezident İlham Əliyevin “Bülbülün 110 illik yubileyinin keçirilməsi haqqında” 16 aprel 2007-ci il tarixli Sərəncamına əsasən, müğənninin yubileyi dövlət səviyyəsində qeyd edilib. 2012-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə Bakıda, Bülbül prospektində Bülbülün xatirəsinə ucaldılmış abidənin açılışı olub.
Bülbülün anadan olmasının 120 illiyi münasibətlə ölkə başçısı 2017-ci il mayın 11-də “Bülbülün 120 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, hazırlanan tədbirlər planına uyğun olaraq milli musiqi mədəniyyətinin inkişafı, tədqiqi və təbliği işinə misilsiz töhfələr vermiş Xalq artisti Bülbülün yubileyi il ərzində müxtəlif tədbirlərlə geniş qeyd edilib.
Xəbəri paylaş