Qazax rayonunda yaşayış yerini tərk edən koronavirus xəstəsi barədə cinayət işi açılıb.
Qazax rayon prokurorluğundan verilən məlumata görə, Qazax rayon sakini 1996-cı il təvəllüdlü Mustafayev Kənan Xəlil oğlu COVID-19 virusu ilə bağlı test analizi verməklə testin nəticəsinin pozitiv olmasını bilə-bilə xüsusi karantin rejimini pozaraq, 30.11.2020-ci il tarixdə Qazax rayonu ərazisində yerləşən mağazaya gedib, rayon sakinləri ilə təmasda olmaqla yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaradıb.
Faktla bağlı Qazax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə Qazax rayon Polis Şöbəsinə göndərilib.
Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.