
RegionTV.info xəbər verir ki, gecə "Tarqovu"da xaricilərin kef məclisləri başlayır. Açıq və qapalı məkanlarda spirtli içkidən içib, bir-biriləri ilə sarmaş-dolaş olan xarici cütlüklər yalnız özlərini görürlər. Ətrafda baş verənlər və dolaşanlar onlar üçün maraqlı deyil. Ətrafda isə neft ölkəsinin ac sakinlərinə rast gəlirik. Bəli, evsiz və pulsuz sakinlər...
Bakı gecələri bir neçə hissəyə bölünür: gecə saat 12-yə, yəni, ictimai nəqliyyatın işlədiyi vaxta qədər Bakıda bir ayrı dünya olur. Gecə 12-dən sonra isə paytaxt sizə başqa üzünü göstərir: daha azad, daha komplekssiz, bəlkə də bir qədər ədəbsiz üzünü. Hər saatın ayrı müştərisi var. Turistlər üçünsə gecənin bütün saatları cənnətdir: təbii, ciblərində yetərli qədər pulları varsa…

Ərəb turislərə, eləcə də yerli əyləncə sevərlərə intim göstərənlər isə sayca az deyil. Amma əvvəlki illərdən fərqli olaraq, artıq Bakının mərkəzi küçələrində “can bazarı”, açıq alver getmir. Çünki mülki geyimli polislər şəhərin hər yerində monitorinq aparırlar. Əxlaqsızlıqla məşğul olan qadınlar əvvəlki kimi ərəblərə rahat şəkildə yaxınlaşa bilmir, çünki dərhal saxlanılırlar. Amma onlar burdan da çıxış yolu tapıblar: turistlərə telefonlarını verib, özlərinin şəklini çəkdirir, telefonu geri alanda isə nömrələrini verirlər. Beləcə, ilkin sövdələşmə baş tutur.

Elə düşünməyin ki, Bakının gecə həyatı yalnız əcnəbilər üçündür. “Torqovı”nın arxa küçələrindəki publara daha çox azərbaycanlı gənclər gəlir. Buralar balaca, ucuz, xudmani və az müştərisi ilə seçilən məkanlardır. Torqovının sol tərəfi isə əyləncə küçəsidir – orda ancaq gecə klubları yerləşir. Yeni gecə klubları daha çox şüşəli olaraq dizayn edilib. İçəridə rəqs edənlər yoldan keçən müştəriləri daha çox cəlb etsin deyə.

Əsrarəngiz Bakının əməkçiləri, zəhmətkeşlərini də unutmaq olmaz. Gecənin dönərçisi, süpürgəçisi, salfetka satan uşağı.. Və bir də olmazsa olmaz dilənçiləri.
Gecəsi, qaranlığı, sirləri ilə Bakı bir başqa aləmdir. Bu dünyanın qaranlığında boğulmaq da olar, o zülmətdən aydınlığa çıxmaq da. Seçim sizindir...




