Prezident İlham Əliyev “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanda dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
RegionTV.info xəbər verir ki, sənədə əsasən, sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədin tarixi 2021-ci il yanvarın 1-dən əvvələ aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişi Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən həyata keçiriləcək.
Sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədin tarixi 2020-ci il dekabrın 31-dən sonraya aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin (Şirkət tərəfindən 2022-ci il yanvarın 1-dək həyata keçirilmiş sığorta ödənişləri istisna olmaqla) həyata keçirilməsini 2022-ci il yanvarın 1-dən etibarən dövlət icbari şəxsi sığortası üzrə Fondda formalaşan sığorta vəsaiti hesabına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu təmin edəcək.
Dövlət Sığorta Kommersiya Şirkəti sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən 2020-ci il dekabrın 31-dən sonraya aid sənədlər üzrə həyata keçirdiyi sığorta ödənişləri barədə məlumatları (sığortaolunanın soyadı, adı, atasının adı, FİN-i, sığorta ödənişinin məbləği və verildiyi tarix) bir ay müddətində Fonda təqdim etməlidir.
Xəbəri paylaş