Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Taleh Kazımov sığorta şirkətlərinin rəhbərləri ilə GÖRÜŞDÜ

Mərkəzi Bankın sədri Taleh Kazımov sığorta şirkətlərinin rəhbərləri ilə görüş keçirib.
 
Mərkəzi Bankdan verilən məlumata görə, görüşdə məqsəd ölkədə iqtisadi inkişafın yeni mərhələsində sığorta sektorunun dayanıqlı inkişafının təmin edilməsinə dəstək, sektorda rəqabət qabiliyyətinin artırılması, innovativ məhsulların bazara təqdim edilməsi istiqamətində birgə fəaliyyətin gücləndirilməsi və sığorta bazarının əhatəsinin genişləndirilməsi məsələləri, habelə əhalinin və biznesin sığorta xidmətlərinə çıxışının asanlaşdırılması, sığortaya olan ictimai inamın gücləndirilməsi tədbirləri ilə bağlı fikir mübadiləsi aparılmasından ibarət olub.
 
Mərkəzi Bankın sədri görüşdə çıxış edərək cənab Prezident İlham Əliyevin ölkədə dayanıqlı iqtisadi inkişaf, vətəndaşların maddi və mənəvi rifahının yüksəldilməsi və onun davamlığının təmin olunması ilə bağlı hədəflərini xüsusi qeyd edərək, həmin vəzifələrin reallaşdırılmasında sığorta bazarının da genişləndirilməsinin əhəmiyyətini izah edib. Bildirib ki, dövlət başçısının rəhbərliyi altında həyata keçirilən quruculuq siyasəti nəticəsində ölkədə makroiqtisadi sabitlik və ciddi iqtisadi artım tempi əldə edildiyindən sığorta xidmətlərinin də inkişafı üçün əlverişli iqtisadi mühit yaranıb.
 
Mərkəzi Bankın sədri həmçinin, requlyatorla bazar iştirakçıları arasında birgə əməkdaşlığın daha da dərinləşdirilməsinin zəruriliyini qeyd edib, bu məqsədlə sığorta bazarının iştirakçıları ilə qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsinin önəmini bildirib. Sığorta sahəsində qanunvericiliyinin daha da təkmilləşdirilməsi, bazar iştirakçıları üçün əlverişli rəqəmsallaşma həllərinin təqdim edilməsi və bu kimi digər maraq doğuran sahələrdə görülməkdə olan işlər barədə məlumat verən Mərkəzi Bankın sədri, qeyd edilən istiqamətlərdə veriləcək qərarlardan öncə bazar iştirakçıları ilə birgə məsləhətləşmələrin aparılacağını və bu məqsədlə mütəmadi görüşlərin keçiriləcəyini bildirib.
 
Sığorta sektorunun son illərdəki yüksək artım templərini vurğulayan T.Kazımov eyni zamanda ölkəmizin gələcək inkişaf prioritetləri və qarşıya qoyulan hədəflər fonunda bazar iştirakçılarının öz növbəsində kadr potensialının gücləndirilməsinə, sığorta şirkətlərinin informasiya texnologiyalarının daha da inkişaf etdirilməsinə, institutsional inkişafa investisiya qoyulmasının əhəmiyyətini qeyd edib.
 
Görüşdə sığorta şirkətlərinin rəhbərləri çıxış edərək ölkədəki iqtisadi inkişaf meyilləri, sığorta bazarının genişləndirilməsi imkanları, sığorta istehlakçılarına göstərilən xidmətlərin keyfiyyətinin artırılması sahəsində görülən işlər, həmçinin, sektorda olan cari qayğılar barədə fikirlərini bildirib.
 
Sığorta bazarında şəffaflığın təmin edilməsi, azad rəqabət mühitinin dəstəklənməsi məqsədilə Mərkəzi Bank, İcbari Sığorta Bürosu, Azərbaycan Sığortaçılar Asossiasiyası, və bazar iştirakçılarının birgə əməkdaşlığının daha da genişləndirilməsi mövzusunda ətraflı fikir mübadiləsi aparılıb.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də