Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi ilə bağlı məhkəmə istintaqı davam edir.
Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən bugünkü iclasda iş üzrə sənədlərin tədqiqi mərhələsi başlayıb.
Hakim sənədlərin elanı zamanı Nərmin Quliyevanın əmisi Arif Quliyevin həyat yoldaşı Nailə Quliyevanın istintaqda dedikləri ilə məhkəmədə dedikləri arasında ziddiyyətlər olduğunu bildirib.
Nailə Quliyeva istintaq zamanı verdiyi ifadəsində itkin düşməzdən əvvəl Nərmini görmədiyini desə də, məhkəmədə dindirilən vaxt sonuncu gün Nərminin üzərində olan paltarları bir-bir sadalayıb.
RegionTV.info
Daha sonra məhkəmədə Nərmin Quliyevanın gündəliyi oxunub. Nərmin gündəlikdə atasının böyük bacısını ondan çox istəməsi, ona daha çox diqqət göstərməsi qeyd olunub.
Növbəti proses iyunun 16-na təyin olunub.
Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib.
Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.
İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.
İlkin Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb.
Xəbəri paylaş