Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Dünya Bankı Qarabağla bağlı prioritetlərini açıqlayıb

RegionTV.info
Dünya Bankı Azərbaycanla əməkdaşlığa dair yeni tərəfdaşlıq çərçivə sənədi hazırlayır və yaxın vaxtlarda onunla bağlı Azərbaycan hökuməti ilə müzakirələrə başlayacaq.

Bunu Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl bildirib.

"Bu strategiyanı biz “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"ə əsaslanaraq quracağıq”, - S.Maykl deyib.

Onun sözlərinə görə, bu, Dünya Bankının Azərbaycanla əməkdaşlıq üçün nəzərdə tutulan beşillik planıdır: "Növbəti bir neçə ayda biz hökumətin yeni strategiyada həm investisiya, həm də bilik mübadiləsi və potensialın yaradılması baxımından hansı prioritetlərə diqqət yetirmək istəyini müəyyənləşdirəcəyik.

İstər insan kapitalının inkişafı, özəl sektorun dəstəklənməsi, istərsə də Qarabağda bərpa və yenidənqurma, o cümlədən təmiz enerji baxımından ölkədə o qədər müxtəlif prioritetlər var. Beləliklə, müxtəlif tərəfdaşlarla görüşməliyik ki, onlar bizdən hansı sahələrə fokuslanmağımızı istədiyini bilək".

S. Maykl Dünya Bankının Azərbaycanın azad edilmiş ərazilərinə dəstəyi ilə bağlı məsələyə münasibət bildirərkən qeyd edib ki: “Hazırda bəzi araşdırmalar mövcuddur, lakin bu istiqamətdə nəsə demək çox tezdir, çünki ərazilər minalardan təmizlənməlidir. Azərbaycan hökuməti Qarabağda yenidənqurma və bərpa işlərinə dəstək verməyimizi istəyirlər və biz buna hazırıq. Hesab edirik ki, bu əraziləri milli sistemlərə inteqrasiyası üçün böyük imkanlar mövcuddur, həmçinin regional ticarətin və əlaqələrin inkişafı üçün böyük imkanlar var. Beləliklə, biz hökumətlə bu istiqamətdə işləməkdən çox şad olarıq”.

Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri yeni layihələrdən danışarkən bildirib ki: “Bizim çoxlu layihələrimiz var, amma biz hökumətin hansı layihə üzərində işləməyimiz ilə bağlı qərarını gözləyirik. Bizim keçmişdə Azərbaycanda su layihələri ilə bağlı çoxlu layihələrimiz olub və indi yeni əməkdaşlıq çərçivəsində hökumətin priorittelərini dinləmək prosesindəyik. Ola bilsin ki, su layihələri də yeni strategiyaya daxil edilsin, lakin bununla baglı müzakirələr hələ aparılmayıb”.

O əlavə edib ki, Dünya Bankı məşğulluğa və peşə hazırlığa, ikinci dərəcəli yol şəbəkələrin qurulmasına dəstək göstərir: “Həmçinin, məhdud imkanlara malik insanların cəlb etməklə səhiyyə sisteminin rəqəmsallaşmasından yol hərəkətinin təhlükəsizliyinin dəstəklənməsinə, “Yaşıl enerji”dən “Ağıllı kənd”lərə qədər çoxlu işlər görürük. Biz həqiqətən çox məsələlər üzərində işləyirik və bunları bu il və gələcək bir neçə il ərzində davam etdirəcəyik”.

Xatırladaq ki, Dünya Bankı bir müddət öncə Azərbaycanla yeni tərəfdaşlıq strategiyasının hazırlanması məqsədilə ölkə iqtisadiyyatının sistemli diaqnostikasına başlayıb. Hazırda bankın Azərbaycandakı əməliyyatları 2015-ci ildə təsdiq edilmiş Tərəfdaşlıq Çərçivəsi Proqramı (CPF) ilə tənzimlənir. CPF 2016-2020-ci maliyyə illəri üçün nəzərdə tutulmuşdu, lakin 2020-ci ildə onun effektivliyinin nəzərdən keçirilməsindən sonra iki prioritet istiqaməti təsdiq edilərək onun uzadılması qərara alınıb. Bunlar dövlət sektoru (idarəetmə və xidmətlərin göstərilməsi) və Azərbaycanın neft-qaz sektorundan asılılığının azaldılması və insan kapitalına, fiziki infrastruktura və daha güclü institutlara investisiyalar vasitəsilə xarici şoklara davamlılığının artırılması kimi strateji hədəflərə cavab verməli olan iqtisadi rəqabətqabiliyyətlilikdir.

Qeyd edək ki, Azərbaycan 1992-ci ildən Dünya Bankına üzvdür. Son 30 ildə adıçəkilən maliyyə qurumu Azərbaycanın reallaşdırdığı 50-dən çox layihə üzrə 4 milyard ABŞ dollarından çox kredit ayırıb. Dünya Bankı 2023-cü ilin iyulun 1-dək Azərbaycana ayıracağı kreditlərə güzəştli faiz dərəcəsi tətbiq edə bilər.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də