Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

"Qızım həkim, oğlum polis olsun!" - Bu stereotip hələ də qalır?

Ölkədə buraxılış və blok imtahanının birinci mərhələsi keçirilib. İmtahanların sona çatması ilə aktual olan mövzu ixtisas seçimidir. Əksər gənclər ixtisas seçimi zamanı geniş araşdırma aparmırlar, nəticələrinə uyğun ən yüksək ballı ixtisası seçirlər. Bu isə onların gələcəkdə əmək fəaliyyətinə yetəri qədər təsir edir. Bəzən ixtisas seçimi zamanı valideyn müdaxilələri də az qeydə alınmır. Ötən illər ərzində valideynlər qızlarının həkim və ya müəllim, oğlanlarının isə polis olmağını istəyirdilər. Ancaq zaman ötdükcə insanların fikirləri də müəyyən qədər dəyişir.
 
Maraqlıdır valideynlər indi də övladlarının ixtisas seçiminə müdaxilə edirmi? Abituriyentlər arasında hansı ixtisaslara meyillilik daha çoxdur?
 
Təhsil eksperti Kamran Əsədov məsələ ilə bağlı fikirlərini bölüşüb.
 

 
Ekspert son 10 ilin təhlillərinə əsasən deyib ki, gender prinsipi artıq dəyişib:
 
“Artıq ixtisas seçimi zamanı valideynlər övladlarının fikirlərinə müdaxilə etmirlər, dəstək olurlar. Texniki və mühəndislik ixtisaslarını indi daha çox qızlar seçir. Xüsusən neft-qaz və kimya mühəndisliyi ixtisaslarına qız abituriyentlərin meyillənməsi daha çoxdur. Oğlanlar da tək polis yox, digər ixtisaslara da üstünlük verirlər. Son illər həkim, mühəndis, müəllim ixtisasını seçən oğlan abiyuriyenlər yetərli saydadır. Stereotiplər, valideynlərin ixtisas seçiminə müdaxilələri demək olar ki, minimuma enib. İxtisas seçən abituriyentlər ciddi şəkildə araşdırma aparırlar. Bu araşdırma üçün Dövlət İmtahan Mərkəzi də çox gözəl kitabçalar tərtib edib. Orada ixtisaslar haqqında, ixtisasların əmək bazarında tələbatlığı barədə məlumatlar dərc olunub”.
 
K.Əsədov bildirib ki, qızların ixtisas seçiminə olan meyilləri çox dəyişib:
 
“1-ci ixtisas qrupunda qız abituriyentlər fizika və riyaziyyat müəllimliyi seçirdilərsə, indi informasiya təhlükəsizliyi, informasiya texnologiyaları ixtisaslarını seçirlər. 2-ci ixtisas qrupu üzrə qız abituriyentlər daha çox mühasibat uçotu, maliyyə və biznesin idarə edilməsi ixtisaslarına üstünlük verirlər. Hüquq fakültəsində təhsil alan tələbələrin böyük hissəsini qız tələbələr təşkil edir. Hər hansı ixtisaslar üzrə qız abituriyentlər seçməlidir və ya seçə bilər deyə bir fikir yoxdur. Cəmiyyətin inkişafı da seçimlərə birmənalı şəkildə təsir edir. Əvvəllər "neft-qaz, informasiya texnologiyaları və mühəndislik sahəsində qızlar işləyə bilməz" deyilirdi. Ancaq indi cəmiyyətin fikirləri dəyişib. İnsanların sosial rifahı, düşüncə tərzi yaxşılaşıb. Bütün bunlar cəmiyyətin mənəvi inkişafına gətirib çıxaracaq”.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də