Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Kamran Əsədov: “Texniki problem olan suallara görə maksimum bal verilməlidir”

RegionTV.info
“Artıq bir neçə ildir, Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinə, eyni zamanda Azərbaycan Milli Elmlər Akademiyasının doktorantura pilləsinə xarici dildən imtahanlar keçirir. Bu, əslində yaxşı haldır. Təəssüf ki, əvvəlki illərdə ali təhsil müəssisələrinin doktorantura pilləsinə qəbul zamanı ciddi nöqsanlar var idi. Bəzi hallarda savadlı gənclər prosesdən kənarda qalırdı. Yalnız hansısa yolla pul verənlər, tapşırılanlar imtahandan keçə bilirdilər. DİM 12 iyunda doktorantura və dissertantura səviyyəsində xarici dildən qəbul imtahanı keçirib. Xarici dil imtahanında bu dəfə texniki xəta baş verib. İmtahanda dinləmə qurğusunda texniki qüsurlar olub. Bu, cari ildə DİM-in eyni avadanlıqla bağlı etdiyi ikinci səhvdir”.

 Bu sözləri açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

 O xatırladıb ki, bundan əvvəl XI siniflər üçün mart ayında keçirilən imtahanlar zamanı otaqların birində dinləmə qurğusunda problem yaşanıb.

 Ekspert qeyd edib ki, mövcud problemdən çıxış yolu kimi mütləq şəkildə qurğular vasitəsilə verilən suallardan imtina edilməlidir: “Daha çox açıq və qapalı tipli suallardan istifadə edərək imtahan iştirakçılarının biliklərini yoxlamalıyıq. Təbii ki, bu, imtahan iştirakçıları üçün ciddi problem hesab edilə bilər. Çünki DİM onlara ikinci dəfə imtahanda iştirak etməyi təklif edir. Bu, psixoloji baxımdan iştirakçılarda müəyyən qədər çətinlik yaradacaq. Mövcud vəziyyətdən çıxış yolu hər bir imtahan iştirakçısına texniki problem yaşadığı suallara görə maksimum balın verilməsidir. Yeganə çıxış yolu budur. Həmin suallara görə iştirakçılara maksimum bal yazılmalıdır. Bununla ədalət bərpa edilər. Eyni zamanda, imtahan iştirakçılarının növbəti mərhələyə keçmələrinə kömək etməliyik. Onsuz da həmin imtahan iştirakçılarının növbəti imtahanları da var. Əgər uğur qazanmasalar, ümumiyyətlə, bu prosesdən kənarda qalacaqlar”.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də