Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

"Nə ləhcəsini, nə də oranın adətlərinin hansısa birini dəyişdi"






Türk dünyasının məşhur imzalarından olan Azərbaycanın görkəmli şairi Məmməd Aslanın ruhu şaddır. Çünki onun doğulub, boya-başa çatdığı Kəlbəcər rayonu artıq işğal altında deyil.

Məmməd Aslan dövri mətbuatda daim çıxış edib. Onun bizə qoyub getdiyi əsərlər  oxucuları tərəfindən hər zaman sevilir. Şair vətənin hər qarışına sevgi ilə yanaşırdı. Təbiətimizin bütün gözəlliklərini öz əsərlərində tərənnüm edirdi. Onun qəlbi vətən sevgisi ilə alışıb-yanırdı. Ömrünün son günlərinə qədər vətən nisgili yaşadı.

Məmməd Aslan sağ olsaydı, öz doğma ata-baba yurdunun, ümumiyyətlə, Qarabağın işğaldan azad olunmasını eşidəndə nələr keçirərdi?

Qızı Təbrizə Aslanova Modern.az saytına müsahibəsində atası və Kəlbəcərlə bağlı xatirələrindən danışıb. Onunla söhbəti təqdim edirik:

- Təbrizə xanım, Kəlbəcərin işğaldan azad olunma xəbərini eşidəndə hansı hissləri keçirdiniz?

- Bu sual qaçqın olan rayonların bütün vətəndaşlarına veriləndə, söz tapa bilmədikləri kimi, inanın mən də həmin o hissi sözlə ifadə edə bilmirəm. Çox sevindim, fərqli bir duyğu oldu. Düzdür, bütün rayonlara, bölgələrə sevindim, lakin Kəlbəcərin alınmasına daha çox sevindim, daha çox kövrəldim.

- Kəlbəcərin işğaldan azad olunması xəbərini necə öyrəndiniz?

- Həmin gün bütün xəbərləri dəqiqliklə izləyirdim. Bir kəlbəcərli olaraq, o gecə yata bilmədim. Zəng edib, təbrik edənlər oldu. Bütün xəbərləri çox dəqiqliklə izləyirdim deyə, kimsə xəbər vermədi.

- Kəlbəcərə qayıtmaq istəyərsinizmi?

- Bəli, qayıtmaq istəyirəm. Mən bunu bir yuxu kimi qəbul edirəm. Hələ də fikirləşirəm ki, bu bir gerçəkdir? Prezidentimizə də ömür boyu minnətdar olacam ki, ağlımıza gəlməyən bu xoşbəxtliyi o bizə bəxş etdi. Mən indidən getmək istəyirəm. Yoldaşım deyir ki, oralar hələ minadan təmizlənməyib, giriş-çıxışa icazə verilməyəcək. Bu dəqiqə, bu halı ilə belə getmək, oranı görmək istəyirəm.

- Uşaqlığınız orada keçib...

- Bəli, mən orada anadan olmuşam. Bu gün də mənim şəxsiyyət vəsiqəmdə anadan olma yeri Kəlbəcər yazılıb. Daha sonra mənim yetkinlik, gənclik illərim Bakıda, Tərtərdə keçib. Kəlbəcər işğal olunan ilə qədər mən hər yay ora gedib, 3-4 ay rayonumuzda qalırdım. Sonuncu dəfə Kəlbəcərdən çıxanda 22 yaşım var idi.. Orada doğulsam da, müəyyən səbəblərdən bütün il boyu orada qala bilmirdim.

- Kəlbəcərə qayıdarkən ilk hara getmək istəyərdiniz?

- Kəlbəcərin Laçın, Sarıdaş kəndlərində mənim uşaqlığımın bir parçası qalıb. Hər detalı ilə oranı xatırlayıram. Oradakı daşların üstü, çəmənlər, meşələr, dağlar... Uşaqlığımı, gəncliyimi buraxdığım o yerləri bir daha görmək istəyərdim.

- Atanız Məmməd Aslan Kəlbəcərin işğaldan azad olunduğu eşitsəydi, hansı hissləri keçirərdi?

- Yəqin ki, biz bu gün nə hislər keçiririksə, eynisini və ya daha fərqlisini keçirərdi. Onun təbiəti başqa cür idi. Şair idi, yəqin hissləri bizdən fərqli olardı. Amma çox istəyərdim ki, atam bu günləri görsün. Mənə zəng edib təbrik edənlər də bu sözü deyir. Atam 5 ildir dünyasını dəyişib, Kəlbəcəri azad görmək ona qismət olmadı. Mənə, onun nəvələrinə qismət oldu. Mənim 16 yaşlı oğlum Kəlbəcərin işğaldan azad olunma xəbərini eşidəndə ilk sözü bu oldu ki, Kəlbəcərdən babamın məzarına torpaq gətirərik. Uşaqlar da vətənpərvər ruhda böyüyür.

- Kəlbəcərdə Məmməd Aslanın abidəsinin ucaldılmasını istəyərdinizmi?

- Abidəsini ucaldılmasını istəyərəm. Böyük oğlum oranın yenidən qurulacağını söylədi. Rayonun yeni nümayəndələrinin bunu edib-etməyəcəyini deyə bilmərəm. Lakin istəyərdim ki, Kəlbəcərin yaxşı bir küçəsinə atamın adı verilsin. Onun büstü qoyulsun.

- Atanızın Kəlbəcərlə bağlı təəssüratlarını xatırlayırsınızmı?

- Atam 17 yaşında oradan çıxıb. Bakıda universitetə qəbul olunub. Onun yaradıcılığı Bakı ilə əlaqədardı. O son gününə qədər  Kəlbəcər ləhcəsi ilə danışırdı, halbuki, cəmi 17 il orada yaşamışdı. Son gününə qədər kəlbəcərli olaraq qaldı. Nə ləhcəsini, nə də oranın adətlərinin hansısa birini dəyişdi. Bakıda yaşasa da, o nisgil hər zaman onun qəlbində idi.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də