Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil olunacaq

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 11-12 iyun tarixlərində Bakı və Abşeron ərazisində “Kənddən Şəhərə” həftəsonu yarmarkaları keçiriləcək.
 
Ümumilikdə üç ünvanda baş tutacaq həftəsonu yarmarkalarının təşkilində əsas məqsəd yerli fermer təsərrüfatları üçün alternativ satış kanalı yaratmaq, eyni zamanda şəhər sakinlərini təbii, mövsümi və sağlam kənd məhsulları ilə dolğun şəkildə təmin etməkdir.
 
“Kənddən Şəhərə” həftəsonu yarmarkalarında ümumilikdə 100-ə yaxın fermer 45 regionu təmsil edəcək. Fermerlər 90-a yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsullarını satışa çıxaracaqlar. 
 
Yarmarkalarda satışa çıxarılan məhsulların kеyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarət olunacaq. Belə ki, yarmarkada Səyyar Qida Laboratoriyası fəaliyyət göstərəcək. Vətəndaşlar satışa çıxarılan hər hansı bir məhsulun keyfiyyət göstəricilərini öyrənmək üçün laboratoriyanın xidmətlərindən faydalana bilərlər.
 
Xatırladaq ki, “Kənddən Şəhərə” həftəsonu yarmarkalarında fermerlər tamamilə ödənişsiz şəkildə iştirak edirlər. Onlar piştaxta, tərəzi, soyuducu və digər lazımi ləvazimat və avadanlıqlarla təmin olunurlar. Həmçinin məhsullarının daşınmasında çətinlik çəkən fermerlərə loqistik dəstək göstərilir. Onların məhsulları birbaşa təsərrüfatlarından yarmarka keçirilən ünvanlara qədər daşınır.
 
“Kənddən şəhərə” həftəsonu yarmarkaları aşağıdakı ünvanlarda fəaliyyət göstərəcək:
 
- Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı)
 
- Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B (“İnqilab” kinoteatrının yanı)
 
- Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də