Milli Məclisin deputatı Aqil Məmmədov təmsil etdiyi Kəlbəcər rayonunun bir qrup sakini ilə görüş keçirib.
Rayonun Gəncə şəhərində yerləşən Mərkəzi Xəstəxanasında keçirilən görüşdə xəstəxananın əməkdaşları ilə yanaşı, ətraf ərazidə yaşayan sakinlər də iştirak edib. Görüşdə işğaldan azad edilən Kəlbəcər rayonuna qayıdışla bağlı məsələlər geniş müzakirə edilib və fikir mübadiləsi aparılıb. İşğaldan azad edilən ərazilərdə, o cümlədən Kəlbəcərdə görülən işlər haqqında məlumat verən millət vəkili Aqil Məmmədov bildirib ki, çətin relyef və hava şəraitinə baxmayaraq müxtəlif sahələr üzrə işlər davam etdirilir. Seçicilər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin istər torpaqlarımızın azad edilməsində, istərsə də azad edilən ərazilərimizin bərpa edilməsində gördüyü işləri yüksək qiymətləndirərək ölkə rəhbərinə etimadlarının tam olduğunu ifadə ediblər.
Bildirilib ki, 44 günlük müharibədə Azərbaycan Ordusu Prezidentin komandanlığı ilə 30 ilə yaxın yağı tapdağında olan yurd yerlərimizi azad etdi. Keçmiş məcburi köçkünlər ata-baba torpaqlarına qayıdışı da səbrsizliklə gözləyirlər və inanırlar ki, ölkə lideri İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş ərazilərimizdə sürətlə yeni həyat qurulacaq. Kəlbəcər sakinləri azad olunmuş doğma torpaqlarının ziyarət edilməsi üçün şəraitin yaradılmasının vacibliyini də vurğulayıblar. Millət vəkili Aqil Məmmədov ümumi görüşün sonunda bir sıra seçici ilə fərdi qaydada görüş keçirib və onların problemlərini dinləyib. Bəzi problemlər yerində həllini tapıb.
Manevr.az