Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Narkokuryer “seyid”ə 9 il həbs verildi

Bakı Ağır Cinayətlər məhkəməsində narkotik vasitələrin dövriyyəsində təqsirləndirilərək həbs edilən Xudaverdi Allahverdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
 
Prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə X. Allahverdiyev 9 il azadlıqdan məhrum edilib.
 
Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat zamanı narkotik vasitələrin satışı ilə məşğul paytaxt sakini, əvvəllər məhkum olunmuş Xudaverdi Allahverdiyev saxlanılıb.
 
Şəxsi axtarış zamanı ondan 1 kiloqram 65 qram heroin aşkar edilərək götürülüb. Araşdırma zamanı həmin şəxs narkotik vasitələri satmaq məqsədi ilə xarici ölkələrdən birinin vətəndaşından onlayn yolla aldığını bildirib.
 
Qeyd edək ki, Xudaverdi Allahverdiyev narkotik vasitələrin satışını həyata keçirdiyi üçün izini itirmək məqsədi yaşayış ünvanlarını mütəmadi olaraq dəyişirmiş. Sonuncu dəfə Nərimanov rayonunda külli miqdarda heroini satış məqsədi ilə əldə edən zaman polislər tərəfindən saxlanılıb. İstintaq zamanı X.Allahverdiyev törətdiyi əməli etiraf edib.
 
X.Allahverdiyev istintaqa verdiyi ifadəsində hər kəsə özünü “seyid” kimi tanıtdığını bildirib.
 
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Xudaverdi Allahverdiyev barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də