Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Vətən Müharibəsi Qəhrəmanı, Polkovnik-Leytenant Şəhid Anar Əliyevin Xatirəsinə Həsr Olunmuş Tədbir Keçirilib




Kəlbəcər rayon İcra Hakimiyyətinin, YAP Kəlbəcər rayon Təşkilatının və, Gəncə Regional Mədəniyyət İdarəsi Aşıq Şəmşir adına Kəlbəcər rayon Mədəniyyət evinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Vətən Müharibəsi Qəhrəmanı, Polkovnik-leytenant şəhid Anar Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Millət Vəkili Aqil Məmmədov,YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Kəlbəcər RİH-nin məsul əməkdaşları, rayon idarə və müəssisə rəhbərləri, şəhidin ailə üzvləri, yaxınları, doğmaları, döyüş yoldaşları, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra şəhid Polkovnik-leytenant Anar Əliyevin xatirəsinə həsr edilmiş videoçarx nümayiş olunub.
Şəhidin döyüş yoldaşları tədbir iştirakçılarını salamlayaraq səmimi dəvətə görə rayon rəhbərliyinə təşəkkürlərini bildirib və bu kimi tədbirlərin şəhidlərin xatirəsinə hörmət və ehtiram əlaməti olmaqla yanaşı, həm də gələcək Vətən müdafiəçilərinin vətənpərvərlik tərbiyəsində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar. Onlar çıxış edərək şəhidin həyat yolundan, hərbi əməliyyatlar zamanı göstərdiyi şücaətlərdən bəhs ediblər. Bildiriblər ki, Anar Əliyev 2001-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edib.Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Anar Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Anar Əliyev oktyabrın 21-də Xocavənd döyüşləri zamanı Tuğ istiqamətində şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Əliyevə “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib.
Daha sonra Şəhidin atası Vaqif Əliyev və Şəhidin həyat yoldaşı Vüsalə Əliyeva çıxış edərək şəhidlərin xatirəsinin əziz tutulduğu, adlarının əbədiləşdirildiyi, ailələrinin daim diqqətdə saxlanıldığı üçün Azərbaycan Prezidenti İlham Əliyevə, Rayon rəhbərliyinə və tədbirin təşkilatçılarına ailələri adından minnətdarlıq ediblər. Vurğulayıblar ki, çətin günlərdə cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə göstərdiyi qayğını biz daim öz üzərimizdə hiss edirik.
Kəlbəcər rayon Millət Vəkili Aqil Məmmədov tədbirdə çıxış edərək cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində Ordumuzun qazandığı Qələbədən, tarixi torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə Azərbaycan oğullarının göstərdiyi qəhrəmanlıq və şücaət nümunələrindən danışıb. A.Məmmədov diqqətə çatdırıb ki, Vətən torpağının azadlığı uğrunda canından keçən Anar Əliyevin və onun kimi minlərlə igid oğullarımızın xatirəsi xalqımızın yaddaşında əsrlər boyu qəhrəmanlıq dastanı kimi qalacaq, nəsildən-nəslə keçəcək. Bu gün Anar Əliyevin və minlərlə şəhidlərimizin ruhu şaddır, qanlarını axıtdıqları torpaqlar düşmən tapdağından azad olunub. İndi həmin torpaqlarda üçrəngli Azərbaycan bayrağı dalğalanır.
YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov çıxış edərək 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun xalqımıza bəxş etdiyi zəfərin tarixi bir Zəfər olduğunu vurğulayıb.. O, əmin olduğunu bildirib ki, Polkovnik-leytenant şəhid Anar Əliyevi kimi oğulların qanları, canları bahasına işğaldan azad edilən tarixi torpaqlarımızda böyük quruculuq işləri geniş vüsət alacaq,.
Tədbirdə çıxış edən Şair, yazıçı və pedaqoq Elşən Əzim çıxış edərək bildirib ki, bu gün biz qalib xalqın qalib vətəndaşları olaraq Müzəffər Ali Baş Komandanımızla, Şanlı Ordumuzla fəxr edirik. Biz bu qalibiyyəti şəhidlərimizə, qazilərimizə borcluyuq. E.Əzim Şəhidimizin ailəsinə başsağlığı verib, belə bir cəsur, vətənpərvər övlad yetişdirdikləri üçün təşəkkür edib.
Tədbir boyunca Kəlbəcər rayon Uşaq incəsənət məktəbinin yaradıcı kollektivinin və məktəblilərin ifasında vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər, musiqilər səsləndirilib.


















Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də