Sabirabadın əsas küçələrində, günün hər vaxtı sürü ilə inəklərin gəzməsini, yaşıllıqlara ziyan vurmasını müşahidə etmiş, oxucularımızla bölüşmüşdük. Bu vəziyyət hələ də dəyişməyib, üstəlik bir qədər də qəlizləşib. Artıq inəklər şəhərin mərkəzində, düz mərkəzi prospektdə, park və xiyabanlarda maneəsiz gəzib yaşıl ağacların axırına çıxırlar.
Bu o vaxt baş verir ki, rayonun Yaşıllıq Sahəsinə “DOST” mərkəzi xətti ilə onlarla işçi ştatı verilib.
Hər ay həmin şəxslərə minimum əmək haqqı ödənişi gerçəkləşdirilir. Haradadır həmin işçilərdən 3-ü, 5-i?
…Elə bil inəklər bizim şəhəri hindistanlaşdırıblar. Gəlin, oxşarlıqlara nəzər salaq: Hindistanı az-çox tanıyan hər bir adam bu ölkədə inəyin müqəddəs və toxunulmaz sayıldığını bilir. Bu baxımdan, inəklər rahatca bütün məmləkəti, şəhərləri gəzir, qarşılarına çıxan dükan-bazarı, idarə-müəssisəni tövləyə çevirir, keyfi istədiyi yerdə yatıb, keyfi istədiyi yeri batırır, könlü çəkdiyində küçəni işıqforun qırmızı işığında keçir, könlü çəkdiyində qoşa xətti tapdayır, gah “çerez bardur” özlərini Dehlinin mərkəzi küçələrinə verərək, saatlarla tıxac əmələ gətirir.
Sabirabadda necədir? Eynən Hindistanda olduğu kimi. Bizdə də inəklər şəhəri əməlli-başlı Dehliyə çeviriblər. Nə yol hərəkəti qanır, nə işıqfor, nə dükan-bazar, nə kafe-çayxana. Bir də görürsən küçələr boyu “zir-zibil” əlindən tərpənə bilmirsən. Elə bu yerdə sabirabadlı sürücülərə yağlı bir “malades” düşür. Niyə? Çünki hər addımda inəklərin isti peyninə düşməmək üçün əsl peşəkarlıq göstərirlər. Maneələri elə keçirlər ki, bəzən gözlərin bərələ qalır. Sonra da ağzıgöyçəklər deyirlər ki, sabirabadlı sürüçülərin çoxunun “pravası” yoxdur.
Onu da deyək ki, bu başbəlası olan inəklər küçələri “protiv” keçməklə neçə-neçə avtomobil qəzası da yaradıblar. Ölən də ölub, şikəst olan da. Ancaq yenə bu heyvanlar meydan sulayırlar.
Hamı inəklərin böyürtüsünə elə bil öyrəşib. Ancaq onu bilirik ki, bu 4 ayaqlıların hərəkətlərindən, yaramazlıqlarından hamı bezib. Deyinirlər ki, belə də şəhər olar, insanlarla bərabər dükan – bazarı inəklər də gəzir.
Adamı yandıran bir dərd var. İnək hər yerdə inəkdir və əxlaqı adında əks olunub. Bəs bu heyvanlara yiyəlik edənlər niyə üzə çıxmırlar? Bəs şəhərə cavabdehlər hara baxırlar? İnəklərin mərkəzi prospektdə “parad”ı Sabirabad şəhər Bələdiyyəsini, Şəhər icra nümayəndəliyini heçmi narahat etmir?!
Xəbəral.az qarşı tərəfin mövqe haqqını tanıyır