Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Lombardlardakı girovu bağlayanlar peyda olublar - Onların vətəndaşa xeyri nədir?



"Lombardda qızılınız var? Zəng edin, çıxartmağa kömək edək!"

Son vaxtlar bu cür elanlara avtobus dayanacaqlarında tez-tez rast gəlinir. Hətta vətəndaşlar arasında bu elanlara maraq göstərənlər də az deyil. Xüsusilə lombardda qızılı olan şəxslər bu tip elanlar vasitəsilə lombarda qoyduğu girovu çıxartmağın onlar üçün nə dərəcədə təhlükəli olub-olmadığı ilə maraqlanırlar. Sputnik Azərbaycan əhalinin geniş marağına səbəb olan bu tip elanların izinə düşüb.

Apardığımız kiçik araşdırma zamanı bəlli oldu ki, bu cür elanlarla vətəndaşlara lombarddakı qızılını çıxartmağa kömək təklif edənlər bank olmayan kredit təşkilatlarıdır. Elanda göstərilən nömrələrdən biri ilə əlaqə saxlayaraq bu köməyin hansı formada, hansı şərtlər qarşılığında edildiyini öyrənməyə çalışdıq.

Özünü "Brand kredit" təşkilatının nümayəndəsi kimi təqdim edən Taleh Kərimov Sputnik Azərbaycan-a açıqlamasında bildirdi ki, onların məqsədi müştəri cəlb etməkdir:

"Bəzi vətəndaşlar lombarda qoyduğu qızılını faiz yüksək olduğu üçün çıxarda bilmir. Nəticədə lombard girov saxladığı qızılı satır. Biz isə vətəndaşlara lombardlara qoyduqları qızılı çıxartmağa kömək edirik. Vətəndaşın lombarda olan borcunu ödəyirik, onunla yenidən müqavilə bağlayırıq. Tutaq ki, vətəndaşın lombarda 1300 manat borcu var. Biz onun lombarda olan bu borcunu ödəyirik. Ona həmin məbləğdə yeni kredit ayırırıq. Vətəndaş o məbləği bizə faiz hesablanmaqla 6, 12, yaxud da 18 ay ərizində ödəyir.
Əgər kredit müqaviləsi 12 aylıq bağlanarsa, aylıq ödəniş 138 manat 50 qəpik təşkil edir. Borc 12 aydan tez ödənilirsə, növbəti ayların faizi silinir. Beləcə, vətəndaş 12 aya 362 manat pul itirir. Lombardlarda isə bu, daha yüksəkdir. Bunun üçün vətəndaş bizim ofisə şəxsiyyət vəsiqəsi və girov aktı ilə yaxınlaşır. Biz onun lombarddakı borcunu bağlayırıq, qızılı yenidən qiymətləndirilir və müqavilə bağlanılır. Borc azaldıqca müştəri qızıldan hissə-hissə götürür. Bizim faizimiz lombardlarla müqayisədə aşağıdır. Həm vətəndaş qazanır, həm də biz".

İqtisadçı Samir Əliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, lombardlar vətəndaşları çox çarəsiz duruma salır: "Vətəndaşlara əlimyandıda qalanda pul götürmək üçün ən asan variant lombarda müraciət etməkdir. Çünki lombard vətəndaşdan ancaq girov tələb edir. Bu girovun qarşılığında götürdüyü pulu necə ödəyəcəyi lombardı maraqlandırmır. Çünki lombardlar girovu çox aşağı qiymətlə qiymətləndirirlər. Hətta müştəri pulu ödəmədikdə onlar çox rahatlıqla girovu özlərinə götürürlər. Buna görə də vətəndaşlar lombardlardan yaxalarını qurtarmaq istəyirlər. Bazarda belə bir tələbat olduğunu görən bank olmayan kredit təşkilatları isə lombardda girovu olan vətəndaşı özünə müştəri kimi cəlb edir. Əslində bununla problemi öz üzərinə götürmüş olur. Çünki lombarddan pul götürüb ödəyə bilməyən şəxslər problemli müştəri hesab olunurlar. Amma ortada girov olduğundan, bank olmayan kredit təşkilatları bu məsuliyyətin altına girirlər. Burada onların əsas məqsədi müştəri cəlb etmək, pul qazanmaqdır. Düzdür, bank olmayan kredit təşkilatlarının faizləri banklarla müqayisədə çox bahadır. Amma lombardlarla müqayisədə ucuzdur. Bu, borcun alınaraq daha baha qiymətə satılmasıdır".

S.Əliyevin sözlərinə görə, lombarddan qızılını çıxartmağa kömək edən kredit təşkilatı ilə yeni müqavilə bağlamaq vətəndaş üçün digər tərəfdən də sərfəlidir:

"Çünki lombardlara nəzarət yoxdur. Onların fəaliyyəti qanunla tənzimlənmir. Bank olmayan kredit təşkilatları isə Mərkəzi Bankın lisenziyası əsasında fəaliyyət göstərir. Onlarda lombardlar kimi qəflətən bağlanaraq girovun batması mümkün deyil".
İqtisadçı bildirir ki, lombardların faizi çox baha, aylıq 5 faiz olur. Kredit təşkilatlarının isə faizi bir qədər aşağı - aylıq 1 faiz civarında olur: "Bu gün lombardlarla müqayisədə kredit təşkilatlarının faizi aşağıdır".

Bank məsələləri üzrə hüquqşünas Əkrəm Həsənov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bəzən vətəndaşlar lombardlardan çox etibarsız olduğu üçün imtina edirlər: "Bəzi insanlar çətin duruma düşəndə girov qoyub lombarddan pul götürürlər. Amma az müddət sonra səhv etdiyini anlayır, lombardda girovun hər an batma ehtimalının olduğunu anlayır. Çünki əksər hallarda lombardlar bir ay fəaliyyət göstərir, qızılı yığıb ofisi bağlayırlar. Buna görə də, vətəndaşlar lombardlardan girovu çıxartmaq istəyirlər. Bank olmayan kredit təşkilatları da bunları nəzərə alaraq lombard müştərilərini özünə yönəldir. Onların kredit faizləri lombardlarla müqayisədə qismən aşağıdır. Həmçinin lombard girovu müştəri borcu ödəyəndə asanlıqla satır və yaxud özününküləşdirir. Bank olmayan kredit təşkilatı isə məhkəmə qərarı olmadan həmin girovu sata bilmir. Üstəlik, lombardla müqayisədə müştərinin ödədiyi məbləğ girov satılarkən nəzərə alınır. Bütün bunlara görə bank olmayan kredit təşkilatları lombardlarla müqayisədə daha etibarlı və sərfəlidir".

Qeyd edək ki, lombardlarla bağlı qanun layihəsi artıq Milli Məclisdə iki oxunuşdan keçib. Yaxın zamanda lombardların da fəaliyyəti qanunla tənzimlənəcək.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də