Aygün Bal adlı müəllifin qələmə aldığı əhvalat valideynlər tərəfindən sərt tənqid edilib və məsələnin ictimailəşdirilməsi xahiş olunub.
Moderator.az-ın əməkdaşı valideynlərin xahişini nəzərə alaraq məsələni gündəmə gətirməyə çalışıb.
Belə ki, “Qaz ilə göyərçinin əhvalatı” şeirində müəllif yazır:
“Söylədi eşqini qaz göyərçinə,
Dedi vurulmuşam nə vaxtdır sənə.
Evli olduğunu bilsə də qazın,
Artırdı bir az da göyərçin nazın.
Boyu çatmasa da qazın boyuna,
İnadla girirdi qazın qoluna.
Göyərçin bilirdi tay deyil ona,
Ancaq vurulmuşdu qazın puluna.
Hər gün yeyib içmək, hər gün restoran,
Xərclik də olurdu puldan-paradan.
Arvad anlamasın, bilməsin deyə,
Qaz evə alırdı çoxlu hədiyyə.
Bir gün xəbər tutdu qazın arvadı,
Qaqqıltı səsiylə qopdu fəryadı.
Axtarıb tez tapdı o, göyərçini,
Dedi kəsəcəyəm sənin səsini”.
Müəllif kitabın girişində isə israrla yazır ki, onun yazdığı şeir və hekayələr şagirdlərin tərbiyyəsində mühüm rol oynayır:
“Mənim ən böyük arzularımdan biri balalarımızı ağıllı və xoşbəxt görməkdir. Bədii yaradıcılığa başladığım ilk gündən məktəbəqədər və məktəb yaşlı uşaqlar üçün neçə-neçə şeir, məzmun hekayə və təmsillər yazmışam. Ümidvaram ki, ailə-məişət fonunda qələmə aldığım “Qaz ilə Göyərçinin əhvalatı” adlı şeirimdən ibarət bu ilk kitabım balalarımızın ürəyindən olacaq, onların əxlaqi və estetik tərbiyyəsində mühüm rol oynayacaq”.
Moderator.az-a açıqlamasında yazıçı Elçin Hüseynbəyli isə bu cür şeirlərin ümumiyyətlə, məktəblilərə aid olmadığını bildirdi:
“Bu ayıbdır. Ümumiyyətlə, bu cür tərbiyyəsiz şeirlər, tərbiyyəsiz adamların tərtib etdiyi kitablarda ola bilər. Uşaq psixologiyası elə bir şeydir ki, ona uyğun olaraq fikirləşib nəsə yazmaq lazımdır. Şəxsən mənə dəfələrlə təkliflər olub ki, uşaqlar üçün hekayə yazım, amma demişəm ki, bunun metodikası olmalıdır. Mən uşaqlar üçün yazı işləyə bilmirəm. Orta məktəb dərsliklərinə hekayələrim ona görə düşüb ki, mənimlə metodistlər, pedaqoqlar işləyiblər. Bu axmaq sözlərdən ibarət təmsildir. Ümumiiyyətlə, bu mətnin uşağa heç bir aidiyyatı yoxdur. Mən bunu qınayıram və pisləyirəm”.