Vətən müharibəsindəki qələbəmiz münasibətilə Prezident İlham Əliyev tərəfindən növbəti humanist addım kimi bu ilin sonunda əfv sərəncamının imzalanacağı gözlənilir.
Bunu Modern.az-a açıqlamasında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib.
Ə.Nuriyev qeyd edib ki, ənənəyə uyğun olaraq, hər ilin sonunda əfv sərəncamı verilib:
“Amma indiki halda müharibənin qələbə ilə başa vurulması əfv sərəncamının verilməsi imkanlarını daha da genişləndirir. Bu baxımdan ilin sonuna əfv və ya amnistiya ola bilər.
Hazırda koronavirus pandemiyası daha da genişləndiyindən Əfv Komissiyasının iclaslarının çağırılması ilə bağlı məhdudiyyətlər var. Amma mən əminəm ki, böyük qələbə müjdəsilə hər birimizi sevindirən Ali Baş Komandanın bu zəfər sevincidən məhkumlarımıza da pay düşəcək”.
Nardaran hadisələri zamanı həbs edilən Taleh Bağırov və digərlərinin məsələsinə gəlincə, Komissiya üzvü deyib ki, əfvetmə müxtəlif kateqoriyadan olan insanları, həmçinin dindarları, müxtəlif siyasi baxışları olanları əhatə edə bilər:
“İlin əvvəlində 65 yaşdan yuxarı risk qrupuna daxil olan şəxslərin 80 faizi əfv olundu. Ölkə başçısı tərəfindən əfvetmə zamanı kimin hansı əqidə sahibi olmasına fərq qoyulmur. Əsas məsələ dövlətin, cəmiyyətin, zərərçəkmiş şəxsin maraqları arasında tarazlığın tapılmasıdır. Bu tarazlığa uyğun olaraq da hər kəs əfv edilə bilər”.
Ə.Nuriyev cəbhədə döyüşən əsgərin atasının məhkumluğunun bitməsinə 6 ay qalması ilə bağlı sosial şəbəkələrdə yayılan müraciəilə bağlı məsələyə də aydınlıq gətirib:
“Ədliyyə Nazirliyinə müxtəlif səpkili müraciətlər daxil olmaqdadır. Qanunvericiliyn tələblərinə görə, 7 ildir ki, böyük ictimai təhlükəli olmayan və az ağır cinayətlərə görə məhkum olunan şəxslərlə bağlı vaxtından əvvəl şərti azadetmə tətbiq olunmaqdadır. Nəticədə 8 mindən çox insan vaxtından əvvəl şərti azad edilib, yaxud da daha yüngül rejimli cəzaçəkmə müəssisəsinə keçirilib. Proses indi davam edir. Əgər əsgərimizin atası bu kateqoriyadandırsa, mütləq məsələ araşdırılacaq”.