Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Yekaterinburqda Müstəqillik Günü və “Şuşa İli” qeyd edilib

Rusiyanın Yekaterinburq şəhərində 28 May – Müstəqillik Gününə və “Şuşa İli”nə həsr olunmuş təntənəli tədbir keçirilib.
 
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
 
Bildirilib ki, ölkəmizin Yekaterinburqdakı Baş konsulluğunun təşkilatçılığı və Azərbaycan diasporunun iştirakı ilə baş tutan tədbirdə Sverdlovsk vilayətinin rəsmi şəxsləri, diplomatik korpusun, yerli ictimaiyyətin nümayəndələri və Yekaterinburq şəhərində təhsil alan fəal azərbaycanlı tələbələr iştirak ediblər.
 
Azərbaycan və Rusiyanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə Baş konsul vəzifəsini icra edən Şöhrət Mustafayev, Sverdlovsk vilayətinin Qanunvericilik Məclisinin sədri Lyudmila Babuşkina, Beynəlxalq xarici iqtisadi əlaqələr nazirinin müavini Lyudmila Berq, diplomatik korpusun duayeni, Özbəkistanın baş konsulu Abdusalom Xatamov, “Azərbaycan-Ural” İctimai Milli-Mədəni Təşkilatının sədri Şahin Şıxlinski çıxış ediblər. Natiqlər bayram münasibətilə Azərbaycan icmasını və xalqımızı təbrik ediblər. 
 
Bildirilib ki, 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi, demokratik respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılması xalqımızın qədim dövlətçilik tarixinə böyük hadisə kimi daxil olub və AXC-nin 23 aylıq qısa fəaliyyəti dönəmində ölkəmiz dünya birliyi tərəfindən müstəqil dövlət kimi tanınıb.
 
XX əsrin sonlarında xalqımızın dövlət müstəqilliyini bərqərar etdiyi, ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri sayəsində Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanıldığı, sabitliyin tam təmin olunduğu, bütün istiqamətlər üzrə inkişafın bünövrəsinin qoyulduğu, Azərbaycan Prezidenti İlham Əliyevin bu siyasi kursu böyük uğurla davam etdirdiyi, hazırda Azərbaycan Respublikasının dünyada böyük nüfuz sahibinə çevrildiyi nəzərə çatdırılıb. Sülhpərvər və mehriban qonşuluq siyasətinə böyük əhəmiyyət verən ölkəmizin hər zaman Rusiya Federasiyası ilə münasibətlərini yüksələn xətt üzrə inkişaf etdirdiyi, xalqlarımız arasında dərin tarixi köklərə əsaslanan dostluq və əməkdaşlıq əlaqələrinin qorunub saxlanıldığı, ölkə başçılarımız arasındakı yaxın dostluq əlaqələrinin də qarşılıqlı münasibətlərə çox böyük töhfələr verdiyi vurğulanıb.
 
“Şuşa İli” çərçivəsində Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya həsr olunmuş fotosərgi nümayiş etdirilib. Qonaqlara Azərbaycanın Qarabağ bölgəsinin azadlıq rəmzinə çevrilmiş “Xarı bülbül”, Azərbaycan-Rusiya bayraqlarından ibarət döş nişanları, xanımlara “Xarı bülbül” təsvirli kəlağayılar və çay dəstləri təqdim olunub.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də