Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Putin separatçılara ikili vətəndaşlıq pasportu verəcək

Rusiya prezidenti Vladimir Putin Cənubi Osetiya ilə ikili vətəndaşlıq haqqında sazişi ratifikasiya edən federal qanunu imzalayıb. Bu qanunla Rusiya və Cənubi Osetiya vətəndaşlarına iki ölkənin pasportuna sahib olmağa icazə verilib.
 
Sənədə əsasən, Rusiya və Cənubi Osetiya vətəndaşları öz pasportlarından imtina etmədən qonşu ölkənin vətəndaşlığını ala biləcəklər.
 
Hər iki tərəfin vətəndaşı olan uşaq 18 yaşına çatana qədər valideynləri onun tərəflərdən birinin vətəndaşlığından çıxması haqqında birgə yazılı ərizə əsasında övladları üçün vətəndaşlıq seçə bilərlər.

Saziş ratifikasiya sənədlərinin mübadiləsi tarixindən qüvvəyə minir.

Saziş beş il müddətinə qüvvədədir və tərəflərdən hər hansı biri növbəti beş illik müddətin bitməsinə altı ay qalmış onu ləğv etmək niyyəti barədə digər tərəfə diplomatik kanallar vasitəsilə yazılı məlumat verməzsə, avtomatik olaraq növbəti beşillik dövrlərə uzadılacaqdır.


Cənubi Osetiya Gürcüstan daxilində birtərəfli şəkildə müstəqilliyini elan edən separatçı "dövlətdir". Cənubi Osetiya BMT, Avropa İttifaqı tərəfindən, eyni zamanda beynəlxalq razılaşmalara əsasən Gürcüstan ərazisi kimi tanınan mübahisəli bölgədir. 
26 avqust 2008-ci ildə Rusiya Federasiyası Cənubi Osetiyanın müstəqilliyini tanıyıb. Digər dövlətlər isə bu bölgəni Gürcüstanın əyaləti kimi tanıyır. Paytaxtı və ən böyük şəhəri Sxinvali, ümumi sahəsi 3,900 kvadrat kilometrdir.
Cənubi Osetiya separatçıları müstəqilliyini 1990-cı ildən elan edib. Gürcüstan hökuməti buna qarşı Cənubi Osetiyaya iki dəfə ordu yeritsə də, Rusiyanın himayə etdiyi separatçı rejim rəsmi Tbilisiyə tabe olmaqdan boyun qaçırıb. Hazırda bölgə Rusiyanın himayəsi altındadır.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də