Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Brüssel görüşü Prezidentin milli maraqları qoruduğunu bir daha təsdiqlədi

“44 günlük Vətən müharibəsindən sonra qalib Azərbaycan dövləti Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin edilməsi naminə yeni reallıqlar yaradıb. Avropa İttifaqı regionun tərəqqisinə dəstək vermək üçün ölkəmizin təşəbbüslərini dəstəkləyir, sülh və əməkdaşlığa öz töhfəsini verməyə çalışır. Bu baxımdan, mayın 22-də Brüssel şəhərində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən növbəti üçtərəfli böyük əhəmiyyət kəsb edir”. 
 
Bu fikirləri  Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
 
Deputat bildirib ki, Avropa İttifaqı Azərbaycanın müəyyənləşdirdiyi gündəliyi, reallıqları qəbul edir. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə görüşündə dövlətimizin başçısı Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması üçün Azərbaycan tərəfindən beynəlxalq hüquqa əsaslanan 5 prinsipin təqdim olunduğunu qeyd edib və bu prinsiplərin sülh müqaviləsinin hazırlanmasında əsas rol oynadığını vurğulayıb.
 
Prezidentimiz həmçinin, bu il aprelin 6-da Azərbaycan, Ermənistan və Avropa İttifaqı arasında keçirilmiş görüşün nəticələrinə uyğun olaraq, Azərbaycanın aprelin sonunda sülh müqaviləsi üzrə danışıqlara başlamaq üçün İşçi Qrupunun tərkibini, eləcə də sərhədlərin delimitasiyası üzrə milli komissiyanın tərkibini müəyyənləşdirdiyini və bu xüsusda danışıqlara hazır olduğunu bir daha bəyan edib. Beş saat davam edən üçtərəfli görüşdə mühüm məsələlər müzakirə olunub.
 
Üçtərəfli görüşdən sonra mətbuata açıqlama verən Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bildirib ki, görüşdə yaxın günlərdə Azərbaycanla Ermənistanın sərhədində  Sərhəd Komissiyalarının ilk birgə iclasının keçirilməsi razılaşdırılıb. Komissiya sərhədlərin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə necə təmin edilməsi ilə bağlı məsələlərlə məşğul olacaq. Burada diqqətçəkən məqam ondan ibarətdir ki, komissiyaının iclası hansısa üçünçü ölkədə deyil, məhz iki dövlətin sərhədində keçiriləcək. Bu da problemlərin kənar müdaxilə olmadan, məhz iki ölkə arasında həll edilməsinə böyük imkan yaradır. Görüşdə həmçinin sülh sazişi üzrə işlərin davam etdirilməsi, kommunikasiyaların açılması istiqamətində işin davam etdirilməsi, o cümlədən Zəngəzur dəhlizinin reallaşdırılması, beynəlxalq daşımaların tənzimlənməsi və digər məsələlər barədə razılığa gəlinib. Təsadüfi deyil ki, Şarl Mişelin Brüssel görüşünün nəticələri ilə əlaqədar açıqlamasında  “Dağlıq Qarabağ” ifadəsi işlədilmir, status məsələsinə toxunulmur. Sadəcə, Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyinin təmin edilməsi məsələsinə toxunulur ki, Azərbaycan dövləti hər zaman bəyan edib ki, öz vətəndaşları olaraq erməni əhalinin hüquq və təhlükəsizliyinə tam təminat verir. 

Millət vəkilinin sözlərinə görə,  bəyanatda ATƏT-in Minsk qrupunun da adı çəkilmir. Bu, o deməkdir ki, faktiki olaraq  Minsk qrupunun  həmsədrlik institutu tarixin arxivinə göndərilib. “Prezident İlham Əliyev bütün dünyada nüfuzlu dövlət xadimi və xalqının maraqlarını qətiyyətlə qoruyan lider kimi qəbul olunur. Bu səbəbdən də, beynəlxalq birlik 44 Vətən müharibəsindən sonra Azərbaycanın regionda yaratdığı reallıqları qəbul edir. Şarl Mişelin açıqlamalarından da göründüyü kimi, Brüssel görüşünün nəticələri Azərbaycanın maraqlarına cavab verir. Görüşdə həmçinin qarşılıqlı etimad mühitinin yaradılması, humanitar addımlar, itkin düşən şəxslərin taleyi, minatəmizləmə prosesi ilə bağlı müsbət yanaşmalar ortaya qoyulub. Bütövlükdə, Brüssel görüşü Prezidentimiz cənab İlham Əliyevin dövlət və milli maraqlarımızı qətiyyətlə qoruduğunu bir daha təsdiqlədi” - deyə Fatma Yıldırım qeyd edib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də