Bu gün Azərbaycan dövləti inkişaf etməkdə olan ölkələr arasında özünün hərtərəfli, dinamik, müstəqil mövqeyi ilə seçilir. Dünyada müstəqil siyasət yürüdən, beynəlxalq arenada çox böyük nüfuz qazanan dövlətimiz 44 günlük Vətən müharibəsində də öz hərbi, siyasi, iqtisadi gücünü dünyaya sübut etdi.
Beynəlxalq münasibətlər sisteminə hər zaman öz mövqeyi ilə seçilən Azərbaycan bu gün uğurlu xarici siyasəti ilə dünyanı heyrətə gətirib. Kiçik dövlətin böyük, uğurlu, müstəqil siyasəti dünya ölkələrinə nümunə oldu. Kiçik dövləti böyük siyasət aləminə müstəqil bir oyunçu kimi daxil edən Ali Baş Komandanımız dünyaya belə bir mesaj da vermiş oldu ki, vacib olan ölkənin böyüklüyü deyil, siyasətin böyüklüyüdür. Cənab İlham Əliyev yetkin bir siyasətçi olduğunu, Azərbaycanın dövlət qürurunu inamla qoruya bildiyini beynəlxalq aləmə sübut etdi. Ən çətin müharibə günlərində belə dövlətimizin iqtisadiyyatının zərər görməməsi, müharibənin insanların rifah halına mənfi təsir etməməsi bu dövlətin güclü iqtisadiyatının göstəricisidir. Azərbaycan ən çətin sınaqdan belə uğurla çıxan bir dövlətdir.
Dövlət başçımızın apardığı uğurlu xarici siyasət nəticəsində Azərbaycan öz ətrafında əlverişli xarici mühit formalaşdırıb, dünyanın aparıcı dövlətləri və üzvü olduğu beynəlxalq təşkilatlarla qarşılıqlı etimada əsaslanan münasibətlərini inkişaf etdiribdir. Dünya dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıqlar dövlətimizin həm siyasi həm də iqtisadi cəhətdən güclənməsini təmin etmişdir. Azərbaycanın müstəqil dövlət kimi bölgədə və dünyada layiqli yerini tapması, regional liderliyini təmin etməsi, iqtisadi sahədə heç bir dövlətdən asılı olmaması da birbaşa uğurlu daxili və xarici siyasətin göstəricisidir. Azərbaycanın prioritet inkişaf yoluna çevrilmiş milli iqtisadi modelini özünəməxsus uzaqgörənliklə həyata keçirən liderimiz cənab İlham Əliyev bu inkişaf strategiyasının yalnız demokratik tərəqqiyə əsaslanan möhkəm ictimai-siyasi sabitlik şəraitində davamlı nəticələr verə biləcəyini əvvəlcədən müəyyən etmişdir. Dövlət-vətəndaş münasibətlərinin hüquq müstəvisində tənzimləndiyi, insan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunduğu, humanizm ideyalarının möhkəm təmələ çevrildiyi bir dövlətin qısa zaman ərzində böyük , əsrə bərabər inkişaf yolu keçməsi dünya ölkələrinə bir nümunədir. Azərbaycanın xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli mənafelərə, habelə siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etməkdədir. Prezident İlham Əliyev balanslaşdırılmış xarici siyasət yeritməklə respublikamızın geosiyasi rəqabət meydanına çevrilməsinə heç zaman yol verməmişdir. Öz uzaqgörən, uğurlu siyasəti ilə dünya dövlətlərini respublikamızın tarazlı və müstəqil siyasət yeridəcəyinə əmin etmişdir.
Bu gün Azərbaycan dövlətinin müstəqil uğurlu siyasətinə artıq heç bir dövlətin şübhəsi yoxdur. Əvvəllər bəlkə də hansısa dövlət Azərbaycanın gücünə şübhə ilə yanaşırdı, ona görə ki, torpaqlarımızın bir hissəsi işğal altında idi. Lakin bugünkü Azərbaycan öz gücünü düşməni məğlub etməsi ilə, diz çökdürməsi ilə dünyaya nümayiş etdirən Azərbaycandır. Bundan sonra Azərbaycanın gücünə heç bir dövlət şübhə ilə yanaşa bilməz. Prezident İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi bütün sahələrdə olduğu kimi, diplomatiya meydanında da uğurlarımızı şərtləndirir. Məhz bunun nəticəsidir ki, torpaqlarımızın bir hissəsi danışıqlar yolu ilə işğaldan azad edildi. İllər əvvəl Qarabağın və digər rayonlarımızın işğaldan azad olunması xalqımızın əlçatmaz arzusu idi. Lakin Azərbaycan ordusu əks-hücum əməliyyatı həyata keçirərək işğal altında olan ərazilərini bir-birinin ardınca azad etdi. Hər zaman Prezidentimiz beynəlxalq tribunalardakı çıxışlarında “Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü kimi eyni dəyərə malikdir” fikrini bütün dünyaya bəyan edirdi. “ Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına icazə verilməyəcək, işğal edilmiş bütün torpaqlar işğalçılardan azad olunmalı, Azərbaycan vətəndaşları öz doğma yurdlarına qayıtmalıdır” deyirdi. İndi bütün dünya bilsin ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin söylədiyi hər kəlmə onun imzasıdır. Və bu gün Qarabağ bizimdir. Şuşa, Ağdam, Kəlbəcər bizimdir. Bütün dünya görsün qüdrətli Azərbaycanın Şanlı Qələbəsini!
Lamiyə İsazadə,
“Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” Birliyinin sədri,