
Müasir tariximizdə Gəncənin ilk rəsmi sahibkar xanımı Zenfira Ağayeva fəaliyyətini uğurla davam etdirir.
Gəncəli “business woman” Nizami yurdunun ilk sahibkar qadını kimi 1995-ci ildən təsisçisi olduğu MM “Qızıl Əllər” tədris müəssisəsinin rəhbəridir. Mərkəz 5 istiqamətdə fəaliyyət göstərir. Bunlar təhsil, tekstil, xalça, mebel və xidmət sahələridir.
Zenfira xanımın səyləri nəticəsində ildə 500-dən artıq vətəndaş peşə sahibi olur. Məzunların əksəriyyəti isə müəssisə tərəfindən işlə təmin olunur.
“Sahibkar Qadınlar” İctimai Birliyinin 7000-dən çox üzvü, 21 rayonda mərkəzləri var. Onlar 26 xarici ölkədə sahibkar qadınlarla əməkdaşlıq edirlər. Birliyin xətti ilə hər il 100-dən artıq sahibkar qadın xaricdə təcrübə mübadiləsi aparır.
Zenfira xanım 1998-ci ildə adıçəkilən birliyin fəaliyyətinə start verib. 2001-ci ildən isə Ədliyyə Nazirliyində Dövlət qeydiyyatından keçirib və çalışmarı rəsmi olaraq davam etdirib.
Zenfira Hüseyn qızı Ağayeva 1950-ci ildə Goranboy rayonunda anadan olub. 1972-1974-cü illərdə Gəncə Yüngül Sənaye texnikumunu, 1990-1994-cü illərdə Azərbaycan Respublikası Ali Tətbiqi Elmlər Kollecinin “Rəssam Modelyer” ixtisasını, 1991-1995-ci illərdə isə Azərbaycan Texnologiya İnstitutunda “Tikişin texnologiyası” fakültəsini bitirmişdir.
O, geyimin hazırlanması üzrə mütəxəssisdir. İlk əmək fəaliyyətinə modelyer-dizayner kimi başlamışdır. O vaxtlar Zenfira xanım Gəncədə “Modalar Evi” açıb, 3 nəfər işçi ilə işə başlamışdır.