Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Turizm bölgəsində ürəkbulandıran mənzərə - FOTOLAR

Masallı rayonunun Boradigah qəsəbəsinin ərazisindən keçən çayda çirklənmə pik həddə çatıb. Dəfələrlə bununla bağlı mediada məlumatlar və görüntülər yayılsa da, çayın çirkləndirilməsinin qarşısı alınmayıb.
 
Bu məsələyə bələdiyyələr, aidiyyəti üzrə yerli icra strukturları baxmalı olsa da, onların hər hansı fəaliyyəti nəzərə çarpmır. Rayon icra hakimiyyəti, onun yerlərdəki nümayəndələri, xüsusilə bələdiyyələr nəzarət etməli, ekoloji fəlakətin qarşısını almaq üçün addımlar atmalıdırlar. Həmçinin çaydakı çirklənmənin mənbəyi araşdırılmalı, buna səbəb olan qüvvələrə xəbərdarlıq edilməlidir. Birlikdə fəaliyyət göstərilərsə, bu problemin də həlli mümkünsüz deyil.
 
Çayın qəsəbədən keçən hissəsində müşahidə etdiyi mənzərə ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edilib. Nazirliyin mətbuat katibi İradə İbrahimova dərhal yerli ekologiya idarəsini məlumatlandırıb.
 
İradə İbrahimova bildirib ki, belə mənzərə təkcə həmin ərazidə deyil, sahil boyu ərazilərdə, dincəldiyimiz hər guşədə, çay kənarlarında, dağ çaylarının hövzələrində bizləri "qarşılayır".
 

 
“Düzdür, bunu hamımız görürük, bilirik, hətta qınayırıq da. Gəlin, bir an fikirləşək, bəs niyə bitmir bu tullantılar? Bu qədər təbliğat aparılır, bu qədər qınanılır, bu qədər yazılır, nəhayət bu qədər təmizlənir...
 
Əvvəlcə müəyyənləşdirək, bu əraziyə tullantıları atan kimlərdir? Əlbəttə ki, ətrafda yaşayanlar. Maraqlısı odur ki, soruşsaq, hər kəs "mən atmıram" deyəcək. Onda bəs haradandır bu utandırıcı mənzərə?
 
Təsəvvür edin, eyni ərazi dəfələrlə tullantılardan təmizlənir. Lakin hər dəfə eyni ərazidə yenə də tullantının toplandığının şahidi oluruq. Yəni zibil azalmır ki, azalmır. Niyə yaşadığımız, istirahət etdiyimiz əraziləri bu günə salırıq? Nə vaxta qədər belə yanaşma olacaq? Yəqin ki, yanaşmamızı dəyişənədək...
 
Zibilləməyək ki, yenidən onu yığışdırmağa lüzum qalmasın. Qeyd etdiyiniz çay vadisinin tullantılardan təmizlənməsi üçün artıq məsul qurumlara yerli ekologiya idarəsi tərəfindən göstəriş verilib”, - nazirlik sözçüsü vurğulayıb.
 
Ümid edirik ki, nazirliyin diqqəti yerli icra strukturları və bələdiyyələr üçün nümunə olacaq. Xüsusilə, turizm mövsümünün aktivləşdiyini və cənub zonasının turistik bölgə olduğunu nəzərə alsaq, belə utanc doğuran mənzərə qəbuledilməzdir. Turizmin prioritet olduğu bölgədə bu cür halların yaşanması heç kimə başucalığı gətirmir. 
 

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də