Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Taleh Kazımov problemlərlə ciddi məşğul olacaq - DEPUTAT

Ötən  gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Elman Rüstəmovun Mərkəzi Bankın idarə Heyətinin üzvlüyündən azad edilməsi, Taleh Kazımovun isə Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin təqdimatları müzakirə edilib.
 
Hər iki təqdimata müsbət rəy verən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi onları Milli Məclisin plenar iclasında müzakirə üçün tövsiyə edib.
 
Bəs, bu dəyişiklik özündə nəyi ehtiva edir?
 
Bu barədə  danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və  sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, məsələ müzakirə edilərkən, deputatlar kifayət qədər konkret fikirlər söyləyib.
 

 
Onun sözlərinə görə, bu dəyişiklik birbaşa cənab Prezidentin cavanlaşdırma siyasəti ilə əlaqədardır:
 
“Son zamanlar yaşlı kadrlar kənarlaşdırılır, cavan kadrlar vəzifəyə gətirilir. Düzdür, onların müəyyən səhvləri də olur. Buna baxmayaraq kadrlarda cavanlaşma getməlidir”.
 
Vahid Əhmədov Elman Rüstəmovun 27 illik fəaliyyətini də qiymətləndirib:
 
“Elman Rüstəmov kifayət qədər təcrübəli kadrdır. Azərbaycan bank sisteminin qurulmasında onun kifayət qədər böyük xidmətləri var. 27 il Mərkəzi Bankın sədri vəzifəsində çalışıb. Mərkəzi Bankın İdarə heyətinin  birinci müavini olub. Elman Rüstəmov ümumilikdə 31 ildir ki, bank sistemində çalışır. Yəni xidmətləri kifayət qədər böyükdür”.
 
Deputat, eyni zamanda AMB-yə yeni üzv seçiləcək Taleh Kazımovla bağlı gözləntilərini açıqlayıb:
 
“Taleh Kazımov "Paşa Bank"ın İdarə heyətinin sədridir. Cavan kadr kimi bank sistemində kifayət qədər təcrübə toplayıb. Ancaq hazırda bank sistemimizdə problemlər var. Biz dünən bunu Taleh müəllimin də nəzərinə çatdırdıq. O, fikirləri eşitdikdən sonra çıxışında bildirdi ki, problemlərlə ciddi məşğul olacaq. Cavan kadrdır, ola bilər bu sahəni tam tuta bilməsin. Ancaq hesab edirəm ki, parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri bu mənada Taleh Kazımova köməklik göstərəcək. Çünki bizim komitə Mərkəzi Bankla sıx əlaqədə olub. Gözləyirik ki, Taleh müəllim komitə ilə sıx əlaqədə olsun, bununla da çalışaq ki, qarşıda duran problemlər tez bir zamanda həll edilsin".

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də