Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ermənistan “Zəngəzur dəhlizi” üçün pul tapa bilmir

Arazdəyən-Culfa-Ordubad-Meğri-Horadiz (“Zəngəzur dəhlizi”) dəmir yolunun bərpası layihəsinin maliyyə mənbəyi hələ müəyyən edilməyib.


Bunu “Sputnik Ermənistan”a Ermənistanın Ərazi İnkişaf və İnfrastruktur Nazirliyindən bildiriblər.
 
Martın 31-də baş nazir Nikol Paşinyan Ermənistan hökumətinin iclasında bəyan etmişdi ki, İrəvan “Zəngəzur dəhlizi”ndən həm avtomobil, həm də dəmir yolu çəkməyə hazırdır, lakin Azərbaycanla hüquqi qüvvəyə malik müvafiq sazişin imzalanmasını vacib sayır.
 
"Biz çox konkret risklər görürük: yol çəkəcəyik, Azərbaycan isə sərhədləri açmaqdan imtina edəcək. Məlum olacaq ki, Ermənistan yüz milyonlarla dollar xərclədiyi infrastrukturdan istifadə edə bilməyəcək", - Paşinyan bildirib.
 
Hələ martın əvvəlində baş nazirin müavini Mher Qriqoryan bəyan etmişdi ki, Arazdəyən-Culfa-Ordubad-Meğri-Horadiz dəmir yolu ilkin hesablamalara görə, Ermənistana 5% mənfəət verə bilər.
 
Layihənin maliyyələşdirilməsi məsələsində aydınlığın olub-olmaması ilə bağlı suala nazirlikdən xatırladıblar ki, Arazdəyən-Horadiz yolunun Ermənistan hissələrinin bərpası üzrə işlərin qiymətləndirilməsi ilə işçi qrupu məşğul olur. Ermənistan Milli Memarlıq və İnşaat Universitetinə tədqiqat işləri aparmaq tapşırılıb.
 
"Hazırda ekspertlər araşdırma aparır, bundan sonra onlar akt tərtib edəcəklər. Onların əsasında layihənin sifarişi üçün texniki-iqtisadi əsaslandırma və texniki tapşırıq tərtib olunacaq. Paralel olaraq, maliyyə mənbələri və dəmir yolunun tikintisi üçün şərtlər dəqiqləşdiriləcək”, - məlumatda deyilir.
 
Ermənistan tərəfinin məlumatına görə, “Zəngəzur dəhlizi”ndən keçəcək dəmir yolunun bərpasının dəyəri 226 milyon dollardır.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də