"Bu Qələbəyə kölgə sala biləcək bir söz belə vətənə xəyanət, şəhidlərin ruhuna təhqirdi..."
Mən bu yazını bəzi dil pəhləvanlarının Ali Baş Komandanın rəhbərliyi altında Müzəffər Ordumuzun Vətən Müharibəsində qazandığı Qələbəyə kölgə salmaq cəhdlərinə cavab olaraq yazdım!
Siyasi savadı bəsit olub, bəzən bitmiş bir fikri normal şəkildə ifadə etməyi bacarmayan bəzi cahillərin “müharibədə qələbə əldə etdiyimiz bir məqamda nə üçün biz dayandıq?” “nə üçün ordumuz Xankəndinə çatdığı halda, ora girməd”, “nə üçün rus sülhmərəmlıları Qarabağa gəldi” kimi primitiv emosiyaya söykənmiş çağrışları, bütün dünyanı heyran qoymuş bənzərsiz Qələbəmizə kölgə salmaq, düşmən dəyirmanına su tökmək qədər bir qəbahətdir. Yeri gəlmişkən belə cahillərdən fərqli olaraq hakimiyyətə müxalif mövqedə dayanmasına baxmayaraq, reallıqları olduğu kimi dəyərləndirməyi bacaran, siyasi savadı yetərincə olan bir çox siyasi təhlilçilərin mövqeləri tədqirəlayiqdir.
Ən böyük həqiqət bundan ibarətdir ki, mühribənin uğurla davam etdiyi, torpaqlarımızın işğaldan sürətlə azad olunduğu bir vaxtda Ali Baş Komandan başda olmaqla heç kim onun dayandırılmasını istəməzdi. Ancaq elə reallıqlar var ki, onlarla hesablaşmamaq, ölkəni fəlakətə apara biləcək qədər təhlükli ola bilərdi! Xüsusilə də o halda ki, qarşı tərəf səndən on dəfələrlə böyük və güclüdür və o oynadığı siyasi oyunlarda heç bir oyun qaydalarına riayət etmir. Təbi ki, söhbət Rusiya kimi bir nəhəng dövlətdən gedir. Heç də uzaqda olmayan ötən illərdə Rusiyanın Gürcüstanda, Ukraynada, Moldaviyada, Suriyada, Liviyada, İraqda etdikləri bizə nələrsə demirmi? Bu ölkələrin ərazisində şimal qonşumuzun etdiyi hərəkətlər hansı siyasi oyun qaydaları çərçivəsində baş verib? Deməli çərçivə yoxdur! Olan ancaq maraqdır! Təcrübədə isə bu marağı reallaşdırmağın kobud, ən kobud və faciə ilə nəticələnən formaları mövcuddur. Bu gün bütün dünyanın hesablaşdığı, hərbi gücü baxımından dünyada iki ölkədən biri hesab olunan, ərazisində bir neçə milyon azərbaycanlının yaşadığı bir dövlətin yaxın və uzaq sərhədlərində siyasi maraqlarını təmin etməyə cəhd göstərməsi təbidir (onların yerində biz də olsaydıq, yəqin ki, bir dövlət kimi ətraf regionlarımızda siyasi maraqlarımızı qorumağa cəhd edərdik). Gəlin bir qədər də açıq olaq. Rusiya istəməsəydi, biz bu müharibədə ən yaxşı halda 2016-cı ilin aprel döyüşlərində əldə etdiklərimiz qədər və ya ondan bir az çox uğur qazana bilərdik. Rusiya yetişmiş indiki siyasi mühitdə öz siyasi maraqlarından da çıxış edərək, bu müharibənin olmasını istədi və bu istək o yerə qədər davam etdi ki, Dağlıq Qarabağda ermənilər ağ bayraq qaldırdıraraq Azərbaycanın şərtlərini qəbul etdiklərini bildirdilər! Müharibənin öz qaydaları var. Uduzan tərəf ağ bayraq qaldırılanda, müharibənin davam etdirilməsi müharibə etikasına uyğun deyil! Bəli, ermənilər onlara hər hansı bir şəraitdə, hər hansı bir güzəştin verilməsinə layiq olmayan, xəstə təxayüllü bir toplumdu. Ancaq bizim bütün dünyada hamıya bəlli olan, bəşəri dəyərlərə söykənərək yüz illər boyunca formalaşdırdığımız məlum milli imicimiz var. Bu imici bütün hallarda qorumaq gərəkdir! Ali Baş Komandan da ermənilərin təslim olduğunu görüb, dünyanın gözü qarşısında bundan öncəki çıxışlarında dəfələrlə səsləndirdiyi sözünü tutdu. Burada qəbahət olan nə var ki? Bu qələbə bizə işğal altında olan yeddi rayonumuzu, Şuşa və Hadrutu qaytardı! Dağlıq Qarabağın statusu məsələsi gündəmdən silindi. Deməli o, heç vaxt olmayacaq. Unutmayaq ki, biz işğal altında olan yeddi rayonumuzu sülh yolu ilə geri qaytarsaydıq, Dağlıq Qarabağa dövlət statusuna yaxın bir müstəqillik vermək zorunda qalacaqdıq. Bax bu, sözün əsil mənasında Azərbaycan üçün, gələcək nəsillərimiz üçün bir faciə olacaqdı. Belə bir statusu əldə edən xəstə təxayüllü ermənilər, bir neçə illərdən sonra, bu statusun verdiyi imkanlardan bəhrələnib, min bir bəhanə və şərlə bütün dünyanı bizə qarşı qaldıracaqdılar ki, bəs Azərbaycanın tərkibində yaşamaq mümkün deyil, bizim müstəqilliyimizi tanıyın. Bax indi qətiyyətli Ali Baş Komandanımızın rəhbərliyi altında Müzəffər Ordumuzun Vətən müharibəsindəki qəlbəsi nəticəsində işğal altında olmuş torpaqlarımızın 10 faizində heç bir stsusu olmayan və bundan sonra da olmayacaq erməni icması ilə dövlət səviyyəsində hüquqlara sahib olacaq, geniş statusli Dağlıq Qarabağı erməni vilayətini müqaisə edin. Bunu edə bilsəniz, cənab dil pəhləvanları, onda şəhidlərimizin qanı ilə əldə etdiyimiz və bütün dünyaya bizim kimliyimizi göstərən Qələbəmizin müqəddəs bir zəfər olduğunu dərk edəcəksiniz! Özünüzü ağıllı saymayın, bu qədər uğuru Azərbaycana qazandıran uzaqgörən və dərin ağıl sahibi Ali Baş Komandan bu uğurun sonrakı mərhəlləsində də qələbə çalacaq!
Fikrət Yusifov
Professor, Beynəlxalq
İqtisadi Araşdırmalar
İctimai Birliyinin sədri