Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Xocalının deputatı Fərrux əməliyyatından danışdı: “Silahdan istifadə edilməyib”

Bir neçə gündür mətbuatda və sosial şəbəkələrdə Azərbaycan Ordusunun həyata keçirdiyi dislokasiya işləri barədə məlumatlar yayılır. Bildirilir ki, tarixi torpaqlarımızdan olan Fərrux kəndi artıq Azərbaycanın nəzarəti altındadır.
 
Bununla bağlı  danışan Xocalının deputatı Elman Məmmədov Fərrux kəndinin azad olunması barədə məlumatı təsdiqləyib. Deputat Azərbaycan Ordusunun öz suveren ərazilərində dislokasiya həyata keçirdiyini vurğulayıb:
 
“Fərrux kəndi və ona bitişik yüksəklik Xocalı rayonun ərazisidir. Həmin istiqamətdəki kiçik kəndlər mühüm strateji yüksəkliklərdir. Bu yüksəkliklərdən Ağdamın bir hissəsi, hətta Əsgəran qalasına qədər olan yerlər nəzarətdə saxlamaq mümkündür.
 
Heç bir silahdan istifadəsiz, zor tətbiq etmədən öz ərazilərimizdə dislokasiya həyata keçirmişik. Hərbçilərimiz yaşayış məntəqələrimizin, oraya köçürüləcək əhalinin təhlükəsizliyini təmin etmək üçün addım atıb. Bizim torpaqlarımızda qalan erməni hərbi birləşmələrinin neytrallaşdırılması üçün həmin bölgələrdə möhkəmləndilər”.
 
Xarici dövlətlərin Azərbaycan Ordusunun tədbirləri haqda bəyanatlar verdiyini xatırladan E. Məmmədov heç kimin ölkəmizin daxili işinə qarışmağa haqqının olmadığını vurğulayıb:
 
“Bizim öz ərazimizdə atdığımız addımlarla əlaqədar digər dövlətlər müxtəlif bəyanatlar verir. Azərbaycan müstəqil dövlətdir. Hansı ərazidə möhkəmlənməyi uyğun bilirsə, orada  mövqelərini quracaq. Ermənilərə canıyananlıq edən dövlətlərdən soruşuram, razı olarsınız ki, ərazilərinizdə separatçılar, terrorçular kök salsa, göz yumarsınız?
 
Azərbaycan hərbçiləri mövqelərindən çəkilmək fikrində deyillər və bunu etməyəcəklər. Rusiya sülhməramlıları 10 noyabr bəyanatı əsasında üzərinə düşən missiyanı yerinə yetirsin. Azərbaycanın öz ərazilərində antiterror əməliyyatları keçirməyə belə ixtiyarı var. Buna heç kim qarışa bilməz”.
 
Qeyd edək ki, ilk dəfə Fərrux yüksəkliyi 1992-ci ildə Milli Qəhrəman Şirin Mirzəyevin batalyonu tərəfindən azad edilib. 29 mart 2022-ci ildə Azərbaycan Ordusu həmin yüksəkliyə nəzərəti yenidən bərpa etməyi bacarıb.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də