Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Vətən Müharibəsi Qəhrəmanının doğum günüdür

İnsanları yaxşı tanımaq, daxili aləmlərini, niyyətlərini aşkar etmək üçün çətin sınaqlardan keçmək lazımdır. Atalar yaxşı deyib ki, dost dar gündə tanınar. 44 günlük Vətən müharibəsi, xalqımızın son iki yüz il ərzində ən şərəfli tarixi günlərində biz nələr gördük, kimləri sınaqdan keçirdik, dostumuzu, düşmənimizi bir daha tanıdıq, bizə dost, qonşu deyib torpaqlarımızı işğal etmiş mənfur düşmənimizə silah, sursat, ərzaq və yanacaq ötürənləri gördük, öz ikili standartlarına sadiq qalaraq imzaladıqları sənədləri belə görməzlikdən gələrək məkrli niyyətlərini həyata keçirmək üçün əllərindən gələni edən güclü dövlətlərin mahiyyətini bir daha anladıq və… bu vaxta kimi tanımadığımız, ancaq öz evlərimizdə böyüyən, öz analarımızdan tərbiyə alan papaq altında yatmış igid oğullarımızı da gördük. Gördük ki, Vətən sevgisi insana ana südü, qan yaddaşı ilə ötürülür. Nə olsun ki, o torpaqlarda doğulmamısan, nə olsun ki, o torpaqları itirdikdən sonra doğulmusan. Amma papaq altında yatan o oğullar ayağa qalxdı, bu vaxta kimi görmədikləri, ancaq adını eşitdikləri, ağrısını,  yaşadıqları, həsrətini çəkdikləri torpaqları geri qaytardılar, qanları, canları, sağlamlıqları sayəsində.  Bu oğullar üçün fərq etmədi ki, o, qarabağlıdır, şuşalıdır, zəngilanlı, ağdamlıdır, bu, Qərbi Azərbaycandan didərgin salınmış, o, bakılı, gəncəlidir. Bu oğulların bir sözü oldu – Vətənim Azərbaycandır, Vətən torpağını azad etmək üçün qan tökməyə, qurban getməyə  dəyər. Bu, ən böyük şərəfdir. Baş ucalığıdır.
 
Belə oğullarımızdan biri də Vətən müharibəsinin şəhidi, Vətən Müharibəsi Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının baş giziri Azər Nazim oğlu Yusiflidir.  Cəmi 26 il ömür sürdü qəhrəmanımız. Maraqlıdlır ki, bu oğulların çoxunun ömrü torpaqlarımızın işğal altında qaldığı illərdən az oldu. Onlar Azərbaycanın torpaqları işğal altında olduğu illərdə doğulanlar nəslidir.  Azər də onlardan biridir. İndi başa düşürük ki, bu uşaqların qəlbində nə qədər böyük məhəbbət, nə qədər torpaq sevgisi yer almışdır, qorxuya isə zərrə qədər yer olmamışdır. Vətən sevgisi Azərə hərbi xidmətini başa vurduqdan sonra da geri qayıtmağa qoymamışdır, o, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmuşdur.
 
Müharibə başlayanda Azər Yusifli əvvəlcə  Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə Cəbrayıl rayonunun geniş bir hissəsi işğaldan azad edildikdən  sonra Zəngilanın azadlığı uğrunda gedən döyüşlərə qatılmışdır. Oktyabrın 19-dan 20-nə keçən gecə Zəngilan şəhəri uğrunda döyüşlər nəticəsində şəhər işğaldan azad olunduqda 27 ildən sonra Zəngilan şəhərinə  Azərbaycan bayrağını da Azər Yusifli  sancmışdır. Sanki bu igid məhz bu missiyanı yerinə yetirmək üçün dünyaya gəlibmiş. Bu qələbə sevincini o, cəmi bircə gün yaşaya bildi, oktyabrın 21-də Zəngilan şəhəri istiqamətində gedən döyüşlərdə şəhid oldu.
 
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı göstərdiyi qəhrəmanlıqlarına  görə, hərbi qulluq vəzifəsini yerinə yetirən zaman igidlik və mərdlik nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin  09.12.2020-ci il tarixli Sərəncamına əsasən Azər Yusifli "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülmüşdür.
 
Bugün Azər Yusiflinin doğum günüdür. Vətən Müharibəsi Qəhrəmanımızın xatirəsini hörmətlə anırıq...
 
Bəli, bir reallıq da bizim üçün əbədidir: Şəhidlər ölməz, Vətən bölünməz. Azər şəhid olub, o, ölməyib, o, bizim aramızdadır, bizim qəlbimizdədir.  Hələ neçə-neçə yeni doğulmuş oğullarına gənc analar  şəhid olmuş igidlərimizin adını qoyacaq, neçə-neçə Azərlər, Mübarizlər, Xudayarlar gələcək bu dünyaya, birinin yerinə Vətənimizdə minlərlə oğul doğulacaq, bu igidlərin bizə qaytardıqları torpaqları, bərpa etdikləri qürurumuzu qoruyacaqlar, şəhid olmuş oğullarımızın yeri isə qəlbimizdə əbədi qalacaq.

Ülviyyə Ağayeva
Milli Məclisin deputatı

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də