Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Azərbaycanın informasiya təhlükəsizliyi regional və sosial media müstəvisində” adlı konfrans keçirilib - FOTO


Baş Prokurorluğun təşkilatçılığı ilə Gəncə şəhər prokurorluğunun inzibati binasında “Azərbaycanın informasiya təhlükəsizliyi regional və sosial media müstəvisində” adlı işgüzar konfrans keçirilib.

Konfransda Baş Prokurorluq, Daxili İşlər, Ədliyyə, Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, habelə Dövlət Təhlükəsizliyi Xidmətinin, Medianın İnkişafı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi agentliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Mətbuat Şurasının nümayəndələri iştirak ediblər.

RegionTV-in bölgə müxbiri xəbər verir ki, Gəncə və Mingəçevir şəhər, Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Xocalı, Kəlbəcər, Qazax, Şəmkir, Tovuz və Yevlax rayon prokurorluqlarının media ilə işləyən məsul əməkdaşlarının da olduğu konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər. Sonra Ermənistan silahlı qüvvələri tərəfindən Gəncənin raket atəşinə tutulması nəticəsində dağılan ərazilərə baş çəkib, həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, dağılmış evlərin ətrafına gül düzüblər.
Tədbir çərçivəsində, həmçinin media qurumlarının çoxsaylı nümayəndələrinin də iştirakı ilə Gəncə şəhər prokurorluğunun inzibati binasına press-tur təşkil edilib. Prokurorluq orqanlarının infrastrukturunun yüksək dövlət qayğısı nəticəsində ən müasir tələblər səviyyəsində təkmilləşdirildiyi barədə məlumatlandırılan press-tur iştirakçıları inzibati binada əməkdaşlar üçün yaradılmış iş şəraiti ilə yerində tanış olublar. Gəncə şəhər prokuroru Azad Qarayev informasiya təhlükəsizliyinin təmin olunması məqsədilə keçirilən işgüzar konfransın əhəmiyyətindən bəhs edib.
Tədbirdə çıxış edən Baş Prokurorun köməkçisi Saleh Hacıyev media ilə kommunikasiyanın gücləndirilməsinin zəruriliyini vurğulayıb, zamanın tələbinə uyğun olaraq prokurorluq orqanlarının sosial media fəaliyyətinin gücləndirilməsi istiqamətində mühüm addımların atıldığını, vətəndaş məmnunluğunun təmin olunması məqsədilə qurumun fəaliyyəti ilə bağlı aşkarlıq və hesabatlılığın ictimaiyyətə operativ şəkildə çatdırılmasının əhəmiyyətli olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Prokurorluq orqanlarının sosial media siyasəti barədə ətraflı çıxış edən Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə prokurorluğun sosial media platformalarında olan müraciət, sorğu və təkliflərə həssaslıqla yanaşıldığını qeyd edib, hazırkı vaxtadək prokurorluğun sosial media platformalarında olan 110-dan çox müraciətin qeydə alınaraq aidiyyəti üzrə göndərildiyi barədə məlumat verib.
Konfransda Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev informasiya təhlükəsizliyində konfidensiallığın təmin edilməsinin əhəmiyyətindən danışıb.
Dövlət Təhlükəsizliyi Xidmətinin məsul əməkdaşı Tamerlan Rəhimov sosial mediada informasiya təhlükəsizliyinin önəmindən söz açıb.
Tədbirdə, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin şöbə müdiri Kənan Kərimli ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin olunmasında medianın əvəzsiz rolu barədə çıxış edib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin böyük məsləhətçisi Sevil Rəsulzadə qadın və uşaqların informasiya təhlükəsizliyində risklər və həll yolları barədə məlumat verib.
Mətbuat Şurasının icraçı katibi Şəmsəddin Əliyev Şuranın fəaliyyəti ilə bağlı ətraflı danışıb, birgə əməkdaşlığın informasiya təhlükəsizliyinin təmin olunmasındakı perspektivlərindən bəhs edib.
Medianın İnkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin əməkdaşı Pərvanə İbrahimova sosial media və media savadlılığı barədə ətraflı çıxış edib.
Konfrans iştirakçıları sıx əməkdaşlıqdan məmnunluğunu bildirərək, gələcəkdə də dəyirmi masa və görüşlərin təşkilinin əhəmiyyətli olacağını vurğulayıblar.
Daha sonra dövlət qurumları ilə bölgə mediası arasında operativ və səmərəli kommunikasiyanın qurulması ilə bağlı fikir mübadiləsi aparılıb, iştirakçılar tərəfindən təkliflər səsləndirilməklə, bu məzmunlu tədbirlərin informasiya mübadiləsində mühüm irəliləyişlərə səbəb olacağı qeyd edilib.






Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də