Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

8 Mart ucalığı


 
 Mart Beynəlxalq Qadınlar Günü Azərbaycanın milli təntənələri sırasında da layiqli yer tuturBu, hər şeydən əvvəl, tarix boyu ata-babalarımızın ailədə və cəmiyyətdə qadınlara bəslədiyi sevgi-sayğının sonsuzluğundan və hörmət-ehtiramın yüksəkliyindən irəli gəlir.
Azərbaycan cəmiyyətində qadınların ana-bacı, qız-gəlin kimi xətir-hörməti həmişə uca olub. Buna görə də qadınları şərəfləndirən və qadınların şərəfləndirdiyi 8 Mart günü beynəlxalq aləmdə tarixə qədəm basdığı ilk illərdən Azərbaycanda da geniş əks-səda verib. Bir əsrdən artıqdır ki, Azərbaycan bu günü milli və bəşəri sayğı səviyyəsində qeyd edən ölkələrin sırasındadır. Müstəqillik illərində isə 8 Mart ana-bacılarımızın qədir-qiymətini duyub-anlamaq baxımından hər birimizin həyatına bol sevinc, yeni arzular, səmimi təbriklər gətirən bir bayrama çevrilib.
8 Mart Beynəlxalq Qadınlar Günü artıq illərdən bəri eyni gündə dünyanın hər yerində, hər bir ailədə böyük sevgi və təntənə ilə qeyd edilən, bəlkə də, yeganə bayramdır. Bu, isə bütün dünyada qadınların kişilərlə bərabər hüquqlarının bir daha etiraf olunması, beynəlxalq aləmdə təsbit olunması və hər bir ölkədə eyni dərəcədə gerçəkləşməsi arzu, istəyinin zəruriliyi ilə bağlıdır. Bu bayram bizə beynəlxalq həyatdan gəlsə də, xalqımıza çoxdan doğma və əziz olub.
Müstəqillik illərində isə ümummilli bayramlar sırasında 8 Martın yeri, dəyəri bir az da artıb. Ana, qadın şərəfinin tarixən çox uca tutulduğu ölkəmizdə qadınların adı ilə bağlı bu bayram hər il həyatımızı cəmiyyətin zərif məxluqa olan ehtiramı və qədirbilənliyi ilə mənalandırır. 8 Martın yaratdığı sevinc duyğuları və sayğı anlayışı min illərdən bəri milli bayram kimi qeyd edilən Novruzqabağı milli əhvalı və təntənəni də ikiqat artırır.
Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi ənənənin davamı olaraq, hər il 8 Martda Prezident İlham Əliyev dövlətimizin və xalqımızın adından Azərbaycan qadınlarını səmimi təbrik edir, onlara ən xoş arzularını çatdırır. Bu ali münasibət qadınlar gününün daha bir ümumxalq bayramı kimi ölkəmizdə yüksək səviyyədə qeyd edilməsinə yüksək stimul yaradır. Belə bir diqqətin nəticəsidir ki, qadınlarımızın cəmiyyətdə mövqeyi və nüfuzu ildən-ilə yüksəlir.
Bu gün Azərbaycan qadını evdə və işdə, ölkədə və beynəlxalq aləmdə dərin zəkası, yüksək hissiyyatı, hərtərəfli bacarığı, çağdaş dünyanın çağırışlarına mükəmməl cavabları ilə mötəbər mövqeyə yüksəlmişdir. Həyatın elə bir sahəsi yoxdur ki, qadınlarımız orada yüksək səviyyəli iştirakları ilə təmsil olunmasınlar.
Builki 8 Martı Azərbaycan cəmiyyəti ikiqat bayram sevinci ilə qarşılayır. Analarımızın yetirdikləri qəhrəman övladlar yaralı Qarabağımızı 30 illik əsarətdən xilas edib, düşməndən xalqımızın intiqamını almaqla ana-bacılarımıza, qız-gəlinlərimizə builki bayramın ən böyük hədiyyəsini töhfə ediblər. Budəfəki bayramda Azərbaycan qadınlarını xalqımıza tariximizin ən böyük qələbəsini bəxş etmiş övladlar böyüdüb, tərbiyə etdiklərinə görə ikiqat minnətdarlıq duyğuları ilə təbrik edirik. Şəhid analarının qarşısında ən müqəddəs duyğularla baş əyirik, yurdsevərlik zirvəsində əbədiyyətə qovuşmuş övladlarının qalib ruhuna ulu Tanrıdan sonsuz rəhmət diləyirik.
Gününüz mübarək olsun, əziz qadınlar!

Mənzər QURBANOVA

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də