Tovuzda yanacaqdoldurma məntəqəsinə basqın olub
Hadisə gecə saat 03:00 radələrində Əyyublu kəndində, İman Əkbərova məxsus obyektdə baş verib. Biri qadın olmaqla, 3 nəfər məntəqənin operatoru Mehman Eyvazovu bıçaqla hədələyib və seyfi açmasını tələb edib. Bundan sonra orada olan pulu götürüb, operatorun əl-qolunu bağlayıblar. Məntəqə sahibinin sözlərinə görə, “qəhrəmanlar” niyyətlərinə çatdıqdan sonra “qaranquş” adlandırdıqları qadına avtomobil çağırmasını tələb edərək ərazidən uzaqlaşıblar. Hadisədən xəbər tutan obyekt sahibi dərhal polisə məlumat verib. Yanacaqdoldurma məntəqəsindən oğurlanan pulun miqdarı hələ ki, məlum deyil. Faktla bağlı Tovuz polisi araşdırmalara başlayıb.