“Laçın dəhlizindən keçmək təhlükəsiz deyil, çünki Şuşa Azərbaycanın nəzarətindədir...”
“Məcburi köçkünlər Kəlbəcərdən keçən yolla Ermənistandan Qarabağa qayıdırlar. Laçın dəhlizindən keçmək təhlükəsiz deyil, çünki Şuşa Azərbaycanın nəzarətindədir...”
Bunu Rusiya mediasına açıqlamasında erməni politoloq Andrias Qukasyan söyləyib.
İrəvandakı “Kilikiya” avtovağzalının əməkdaşının verdiyi məlumata görə, yalnız 18 noyabrda müvəqqəti köçkünlərlə dolu 30-a yaxın avtobus İrəvandan Xankəndinə yola düşüb. Avtobus kolonu Basarkeçər(Vardenis)-Kəlbəcər-Ağdərə yolu ilə Qarabağa tərəf yönəlib.
İrəvan meriyasının mətbuat katibi Akop Karapetyan ermənilərin Qarabağa geri qaytarılması ilə bağlı bütün təşkilati məsələləri İrəvan bələdiyyəsinin üzərinə götürdüyünü söyləyib. Onun sözlərinə görə, avtobusların sayı məhdud deyil - meriya Qarabağa qayıtmaq istəyənlərin sayından asılı olaraq lazımi nəqliyyatı təmin edir. A.Karapetyan bütün avtobusların Kəlbəcər yolu ilə getdiyini, qaçqınlar olan nəqliyyatın Laçın yolu ilə hərəkət etmədiyini bildirib.
“Kəlbəcər yolunda keçid hər iki istiqamətdə açıqdır - həm İrəvandan Stepanakertə, həm də Stepanakertdən İrəvana” -deyə Karapetyan vurğulayıb.
Xəbərdə Xankəndinin qanunsuz erməni “meri” David Sarkisyana istinadla bildirilir ki, 10 noyabr razılaşamasından bu günədək Qarabağa 7 minə yaxın erməni qaytarılıb. Yalnız 18 noyabrda Xankəndinə 648 erməni gətirilib. D.Sarkisyan da vurğulayıb ki, mülki ermənilər Laçın yolu ilə deyil, Kəlbəcər yolu ilə gətirilir...