YAP Kəlbəcər Rayon Təşkilatının sədri ictimaiyyət nümayəndələrinə təqdim edilmişdir
11 fevral 2022-ci il tarixdə Gəncə şəhəri 1500 ailəlik yeni qəsəbədə yerləşən Mədəniyyət Sarayında Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının yeni təyin edilmiş sədrinin təqdimatı keçirilib.
Təqdimat mərasimində rayon icra hakimiyyətinin, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayandələri və partiya fəalları iştirak etmişlər.
Tədbir iştirakçıları öncə Yeni Azərbaycan Partiyasının qurucusu, Ulu Öndər Heydər Əliyevin Kəlbəcər rayon İcra Hakimiyyətinin inzibati binasında yerləşən abidəsini ziyarət edərək önünə gül dəstələri düzmüş, Ümummilli Liderin xatirəsini böyük ehtiramla yad etmişlər.
Daha sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmiş, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri giriş sözü ilə açan Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Yeni Azərbaycan Partiyasının bu gün ölkəmizdə ən güclü və nüfuzlu siyasi qüvvəyə çevrildiyini, öz ətrafında cəmiyyətin ən intellektual təbəqələrini birləşdirdiyini qeyd etmişdir.
RİH-nin başçısı partiyanın yeni Nizamnaməsinin tələblərinə uyğun olaraq YAP İdarə Heyətinin 28 yanvar 2022-ci il tarixli qərarına əsasən partiyanın yerli təşkilatlarına sədrlər təyin olunduğunu bildirərək YAP Kəlbəcər Rayon Təşkilatının sədri Misirov Həbib Məhərrəm oğlunu ictimaiyyətə təqdim etmişdir.
Tədbirdə çıxış edən partiya fəalları YAP Kəlbəcər Rayon Təşkilatının yaranma tarixindən danışmış, təşkilatın sədri təyin olunması münasibətilə Həbib Misirovu təbrik etmiş və bundan sonrakı fəaliyyətində ona uğurlar arzulamışdırlar.
YAP Kəlbəcər Rayon Təşkilatına sədr təyin olunmuş Həbib Misirov göstərilən etimada görə ölkə başçısına və YAP rəhbərliyinə təşəkkürünü bildirərək, bundan sonra da Azərbaycan xalqına, dövlətinə və dövlətçiliyinə sədaqətlə xidmət edəcəyini qeyd etmişdir.