Gəncədə sahibsiz heyvanlar üçün sığınacaq tikilir
Gəncə Şəhər İcra Hakimiyyəti, Gəncə İctimai İştirakçılıq Məclisi və Gəncə şəhər Kəpəz Bələdiyyəsinin birgə təşəbbüsü ilə sahibsiz küçə heyvanlarının yerləşdirilməsi üçün sığınacaq inşa edilir. Tikinti işləri Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstahsalat Birliyinin Təmir-bərpa və tikinti şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilir.
İctimai əsaslarla fəaliyyət göstərəcək olan sığınacaqda ilkin olaraq 50 heyvanın yerləşdirilməsi üçün şərait yaradılacaq. Sığınacaqda heyvanların müəyyən edilmiş saatlarda qidalandırılması, baytar tərəfindən müayinə və müalicəsi, həmçinin peyvəndlənməsi təmin olunacaq.
Bir neçə həftədir davam edən tikinti-quraşdırma işlərinin qısa müddət ərzində yekunlaşdırılması planlaşdırılır. Gəncə-Samux yolu, Atabəylər prospektində ("Min bir gecə" şadlıq evinin yanında) yerləşən sığınacaq yaxın günlərdə fəaliyyətə başlayacaq. .
Əlavə olaraq bildirmək istərdik ki, ötən gün Gəncə şəhərində sahibsiz itlərin güllələnərək, məişət tullantıları poliqonuna atılmasını özündə əks etdirən videogörüntülərlə bağlı tərəfimizdən araşdırma aparılmışdır. Sözügedən videogörüntülərin Gəncə şəhərinin məişət tullantıları poliqoununda lentə alınması faktı öz təsdiqini tapmamışdır. Məsələnin daha dəqiq və dərindən araşdırılması üçün aidiyyəti üzrə hüquq mühafizə orqanlarına müraciət edilmişdir. Bir daha qeyd edirik ki, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən sahibsiz küçə heyvanlarının güllələnməsi ilə bağlı heç bir göstəriş verilməmişdir. Bu əməli törədənlərin qısa müddət ərzində müəyyənləşdirilərək, qanun qarşısında cavab verəcəklərinə ümid edirik. Bu məsələdə həssaslıq göstərən bütün vətəndaşlara təşəkkürümüzü bildiririk.
Gələcəkdə sığınacağa yerləşdiriləcək sahibsiz heyvanlara qarşı eyni dərəcədə həssaslıq nümayiş etdirəcəyinizə və sığınacağın fəaliyyətinin daha da genişləndirilməsinə dəstək göstərəcəyinizə ümid edirik.