Hansı əsasla, hansı orderlə? Kim verdi sanksiyanı?
Baş Prokurorluğun 2 fevral tarixində yaydığı açıqlamadan sonra bəlli oldu ki, ölüm faktını Ağcabədi prokurorluğu araşdırıb və Ə.Cəfərova verdiyi ifadələrdə qayınanası Faxrəndə İbrahimovanın ölümünün təbii səbəblərdən baş verdiyi göstərilib, prokurorluq da buna inanıb, “eləcə də kənar şəxslər tərəfindən cinayətin törədilməsinə əsas verən hər hansı dəlillər əldə olunmadığından” 3 mart 2020-ci il tarixdə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilib.
3 mart 2020-ci ildə cinayət işindən imtina edilir, yalnız “Faxrəndə İbrahimovanın oğlu Elşad Cəfərovun iddiasından sonra 18 noyabr 2021-ci il tarixli ərizəsində qeyd olunan xüsusatlarla əlaqədar cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar 22 noyabr 2021-ci il tarixdə ləğv edilir, Əfsanə Cəfərova və onunla yaxın münasibətlərdə olan digərlərinin hadisədə mümkün iştiraklarının yoxlanılması məqsədilə zəruri əməliyyat-axtarış tədbirlərinin keçirilməsi planlaşdırılır”, - Prokurorluğun məlumatında bildirilir.
Bu cümlənin ardınca Prokurorluq 1 fevral tarixində “Səni axtarıram”dakı etiraflara adlayır və yazır: “2 fevral 2022-ci il tarixdə Faxrəndə İbrahimovanın ölüm faktı üzrə başlanmış cinayət işinin istintaqı Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən xüsusi nəzarətə götürülməklə istintaqın davam etdirilməsi Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb”.
Niyə o vaxta qədər – 22 noyabr 2021-dən 1 fevral 2022-ci ilə qədər - istintaq hərəkəti aparılmayıb? Axı 22 noyabrda cinayət işi açılmayıb, sadəcə, araşdırma tədbirlərin görülməsi nəzərdə tutulub. Bəs, 1 fevralda Əfsanəni efirdə hansı polis, hansı əsasla saxlayıb?
Cinayət işi açılsaydı, Ağcabədi prokurorluğunun sanksiyası ilə polis efirə gəlib, şübhəli şəxs qismində Əfsanəni saxlayıb, apara bilərdi. Cinayət işi yoxdur, açılmayıbsa, hətta Ağcabədi prokurorluğu 1 fevralda verilişə baxıb, “vay-bay-vuuuy, bunu tutaq” qərarı versəydi belə, polisə müraciət və polisin Bakıya gəlib, Əfsanəni efirdə həbs etməsi mümkünsüz idi. Çünki Ağcabədidən Bakıya gəlincə veriliş bitməliydi.
Bu nə hüquq pozuntusudur?
Guya Prokurorluq və DİN bacarmayıb, “Səni axtarıram” cinayət işini açıb?
Guya prokurorluğun yüksək səviyyəli peşəkarları Əfsanəni etirafa məcbur edə bilməyiblər, ancaq Baxşəliyeva buna nail olub?
Siz nə edirsiniz? Özünüzü necə təqdim edirsiniz?
Hətta şouda da düzgün “sənədləşmə” yoxdur: Prokurorluq cinayəti açıbsa, bütün detalları üzə çıxarıbsa, Xoşqədəm Hidayətqızının xətrinə onun verilişində belə bir şounun yaradılmasına razı olubsa, bunu əvvəlcədən qanunlaşdırmaq olmazdımı? Yəni cinayət işi açılmış olaydı, Əfsanə şübhəli sayılaydı və efirdə etirafı ilə dərhal hüquq-mühafizə orqanları hərəkətə keçəydi.
Aradan 3 gün keçəndən sonra eyni bir şounun Zaur Baxşəliyevin “Bizimləsən” verilişində təkrarlanması isə artıq rüsvayçılıqdır. 2018-ci il təvəllüdlü Məryəmin öldürülüb, quyuya atılması ilə bağlı cinayət işi açılıb və qonşusu, 32 yaşlı Mehman Mansurov saxlanılıb. Hazırda istintaq gedir. Atanı efirdə həbs etmək nə deməkdir?
Verilişlər hüquqi təbliğat vasitəsi olmalıdır, anlayırıq, həbslər də şəffaf həyata keçirilməlidir. Ancaq bu qədər primitiv şou-quraşdırmaya hüquq-mühafizə orqanları özünü necə xərcləyə bilər?
DİN bu ölkədə asayişin onurğa sütunudur, Baş Prokurorluq hüquq-mühafizə orqanlarının elitası sayılır. Bu qədər bəsit və primitiv şoularda hüquq-mühafizə orqanlarının nüfuzunu məhv etməkmi olar?
Bu qədər primitiv şou-göstərilərlə bu böyüklükdə və peşəkarlıqda olan qurumları “Baxşəliyevlərin əlavəsi”nə necə çevirmək olar?
Hələ onu demirəm ki, Əfsanənin mikrafonla davranışı, pauzaları – mükəmməl aktyor məharətindən xəbər verirdi.
Siz nə edirsiniz? Bəsit, ssenariləşən “şou”ların polis, prokurorluq orqanlarındakı aktyor truppasısınız, yoxsa cinayəti açıb, Baxşəliyevlərin ağzına atıb, ssenari müəllifliyi edən “dramaturq”larsınız?
Ayıbdır sadəcə, bir-birinin ardınca Baxşəliyevlərin şoularının alətinə çevrilmək və yaxud Baxşəliyevlərin şouları üçün ssenarilər yazmaq sizə yaraşmaz.
Özünüzü qanunun və bu millətin gördüyü yerdə, öz peşəkarlığınız səviyyəsində və peşənizə uyğun yerdə saxlamağı bacarın!
Bu ölkənin polisi də, prokuroru da kifayət qədər mükəmməl strukturlaşmış, peşəkarların cəmləşdiyi qurumlardır. Özünüz haqda bu qədər primitiv verilişlərlə yanlış rəy yaradıb, insanların gözündə “manısa” çevrilməyin!
Baxın sosial şəbəkələrə, görün sizlər haqda nələr yazırlar! Bu ölkənin dayaqları olan qurumlar necə buna razı ola bilərlər, axı!
İnanmaq istərdim ki, DİN və Baş Prokurorluğun rəhbərləri mütləq buna reaksiya verəcək. Qurumların nüfuzunu qorumaq onların görəvidir!
Mənbə: axar.az