Ağstafada ibtidai sinif müəllimi direktorun ondan dərs saatlarına görə rüşvət tələb etdiyini iddia edir.
Sosial şəbəkələrdə bununla bağlı səs yazısı yayılıb.
Səs yazısının Ağstafa rayon Şahin Abadov adına Aşağı Kəsəmən tam orta məktəbinin müəllimi və direktoruna aid olduğu iddia edilir.
Direktorun təzyiqinə məruz qaldığı və rüşvət tələb edildiyi iddia edilən müəllimə Vüsalə Məmmədova baş verən hadisə ilə bağlı "Xəzər Xəbər"ə eksklüziv açıqlama verib. Vüsalə Məmmədova iddia edir ki, məktəbin direktoru Mətanət Məmmədova onun dərs yükünə əlavə olunan hər üç saata görə rüşvət tələb edib.
Direktor Mətanət Məmmədova isə səsləndirilən iddiaları qəbul etmədiyini bildirib. Səhhətində problem yarandığını söyləyərək rüşvət tələb etmədiyini və səs yazısının əsassız olduğunu bildirib. Amma onun müavini də "Xəzər Xəbər"ə açıqlamasında məktəbdə müəllimlərdən rüşvət alındığını iddia edib.
Vüsalə Məmmədova bildirib ki, faktla bağlı Ağstafa rayon Təhsil Şöbəsinə müraciət edib. Rayon Təhsil Şöbəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin məsul şəxsi Nəcibə Vəliyeva bildirib ki, onlar lazımi məlumatları Təhsil Nazirliyinə təqdim ediblər və müvafiq qərarı gözləyirlər. Təhsil Nazirliyinin məlumatında isə qeyd edilib ki, sosial şəbəkələrdə yayılan səs yazısı ilə bağlı araşdırma aparılır.
Xəbəri paylaş