Daşkəsən rayonu Qaratağlar kəndində qeydiyyatda olmaqla Gəncə şəhəri İbrahim Əliyev küçəsi ev 24 də yaşayan Məmmədov Səfər Baxçalı oğlu özünə qarşı " Bakı sakini Oqtay Misirov tərəfindən törədilən "EKSKAVATOR MAXİNASI"-ndan yuxarı dövlət qurumlarına növbəti şikayətini edib.
Demokratik.Az bildirir ki, şikayətçi bu dəfə Qaradağ rayonu 11-ci polis bölməsinin araşdırmasından narazıdır.
Şikayətçi şikayətində aşağıdakıları yazır:
"Möhtərəm cənab prezident, hörmətli baş prokuror, hörmətli vəzifə sahibləri!
Yazaraq bildirirəm ki, mən ötən il (01.12.2020-ci ildə) Bakı şəhəri Qobustan qəsəbə sakini Misirov Oqtay Qurban oğlundan VOLVO markalı, AZ16-T-277 dövlət nömrə nişanlı yükləyici EKSKAVATOR almışam. Belə ki, adıçəkilən şəxs sözügedən texnikanın Tap.Az saytında satıldığını elan etdikdən sonra onunla əlaqə yaratmışam, nəticədə 53 min manat müqabilində ekskavatoru almağa razılaşmışam. Daha sonra, ümumilikdə 53 min manat pulu ödəyib texnikanı almışam. 1000 (min) manat əvvəlcə beh verib, daha sonra Oqtayın Qobustanda yaşayan digər şəriki Bahəddin İbrahimxəlilovun evində 52 min manatı onlara vermişəm.
Alqı-satqı qismində mənim iştirakım olmadan Bakı şəhəri Qobustan qəsəbəsində yerləşən notariat kontorunda etibarnamə əldə edildikdən sonra isə texnikanı evakuator xidməti ilə Gəncəyə gətirmişəm. Lakin, cəmi 3 gün sonra ekskavatorda ciddi nasazlıq olduğunu, ekskavatorun istismara yararsız olduğunu, işləmədiyini bilmişəm. Oqtaya texnikanın nasaz olduğunu, məni aldatdığını bildirmişəm. Ondan problemin həllini tələb etmişəm, ya da pulumu geri qaytarmağını istəmişəm. O isə nə ekskavatoruna sahib çıxmamış, pulumu geri qaytarmamışdır. Əksinə, mənə hədə-qorxular gəlmiş, məni təhdid etmişdir.
Oqtay Misirov ötən müddət ərzində məni aldatmağı, dələduz əməlini davam etdirmiş, ondan aldığım ekskavator texnikasının guya təmiri adı altında Bakıda usta kimi tanıdığı bir neçə şəxsi Gəncəyə göndərərək məni 10 min manatdan artıq əlavə xərcə - ziyana da salmışdır. Ayrı-ayrı vaxtlarda ekskavatorun təmirində öz evimdə Şamo və Elman, Gəncədə Musayevin qarajında türk Qədir, Bakıda Xocəsəndə Mahir, Salim və Sərxan adlı ustalar və “Aztexnika” şrkətinin nümayəndələri iştirak etmişlər.
Ekskavator hazırda Bakıda “Aztexnika” servisdə təmirə dayansa da təmirinə maddi imkanım yoxdur. Oqtay isə təmirdən və pulu geri qaytarıb xarab texnikasını sahiblənməkdən boyun qaçırmaqdadır. Dəfələrlə Bakıya gəlmişəm, məcburiyyətdən paytaxt küçələrində gecələməyə belə məcbur qalmışam. Qurbanov kimlərə isə arxayın olub “get kimə istəyirsən şikayət et, mənə kimsə bata bilməz!” deyir.
Hörmətli prezident! Hörmətli vəzifəli şəxslər!
Dələduz hesab etdiyim Oqtayın əməlləri barədə 12-17 dekabr 2021-ci il tarixlərində dəfələrlə DİN-in 102 qaynar xəttinə zəng edib, məlumatlar vermişəm. Təngə gəldiyimi, özümü öldürmək istədiyimi bildirmişəm. Daha sonra, rəsmi ərizələrlə yuxarı dövlət orqanlarına deyilən fakt üzrə cinayət işinin açılmasını xahiş etmişəm.
İş üzrə Qaradağ rayon 11-ci Polis Bölməsində araşdırma aparılmışdır. Təəssüf olsun ki, müraciətim əsasında PB-nin təhqiqatçısı, polis mayoru Təzəxan Dəmirovun imzalamış olduğu (cinayət işinin başlanmasının rədd edilməsi barədə) 02.01.2022-ci il tarixli QƏRARla hüquqlarım kobud şəkildə pozulmuş, iş üzrə zəruri materiallar natamam toplanmış, işin halları düzgün və ədalətli araşdırılmamış, Oqtayın və digərlərinin qanunsuz əməlləri düzgün qiymətini almamış, göstərdiyim və şikayətçi olduğum əsas xüsusatlar üzrə polis orqanı üçün vacib əməliyyat məlumatı hesab edilən “dövlət əmlakını talama”, bir qrup şəxs tərəfindən tamah məqsədilə sənədləri saxtalaşdırma, eləcə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsini əhatə edən “ dələduzluq cinayətlərindən məqsədli şəkildə yan keçilmişdir. Belə ki, polis mayoru Təzəxan Dəmirov icraatında olan işi araşdırarkən aşağıdakı halları nəzərə almamış, Qaradağ rayon 11-ci Polis Bölməsi cinayət xarakterli əsas faktları incələməmişdir.
BELƏLİKLƏ;
Polis araşdırması zamanı işin mülki halı qabardılaraq, vətəndaş Oqtay Misirovun şəxsiyyəti və əsas məşğuliyyəti dərindən araşdırılmamış, mənə satılmış olan ekskavatorun ilkin sənədlərinin niyə mövcud olmaması, Oqtay tərəfindən həmin texnikaya saxta sənədləşmələrlə Abşeron DAİM-dən sənədin necə alınması faktı ört-basdır edilmişdir.
14 sentyabr 2020-ci il tarixli notariat sənədindən də görünür ki, əslində notariat qaydasında mənə verilən “sərəncam” ETİBARNAMƏ Oqtay tərəfindən deyil, tanımadığım Qobustan sakini, Qobustan qıs, massiv 1, ev-32-də yaşayan Balakişiyev İlqar Ələmxan oğlu tərəfindən verilmişdir. Həmin şəxs isə Oqtayla qonşudur, eləcə də narkotik aludəçisidir. İlqarın ümumiyyətlə alqı-satqıdan, yəni notarius əməliyyatından ümumiyyətlə xəbərsiz olduğunu da ehtimal edirəm. Məlumat üçün onu da bildirim ki, Oqtayın üç oğlu var ki, heç biri hərbi xidmətə getməyiblər, onların da narkoman olduğunu atası Oqtay özü utanmadan danışır.
Ekskavatorun texniki pasport göstəricilərində sənədi verən əsas orqan Abşeron rayon (DAİM) Dövlət Aqrar İnkişaf Mərkəzi göstərilir. Kifayət qədər savadım olmasa da, məndə olan məlumata görə, başıbəlalı texnika Oqtaya hansısa dövlət qurumu tərəfindən qanunsuz yolla verilmiş, Oqtay da onun qanunsuz satışını həyata keçirmişdir. Belə ki, 2006-cı il buraxılışlı VOLVO ekskavatoru böyük ehtimal ki, dövlət əmlakı kimi istismar müddəti bitdiyi və nasazlığı əsas gətirilməklə dövlətin hərrac komissiyasından yayındırılaraq sənədsiz şəkildə dövlət nəfinə ödənilməyən hansısa məbləğ qarşılığında Oqtaya satılmışdır. Buna görə də ilkin saxta sənəddə ekskavatorun motor nömrəsi və digər parametrlər göstərilməmişdir.
Nəzərə alınmalı və ciddi şəkildə araşdırılmalıdır ki, Oqtay adi fiziki şəxs kimi necə olur ki, dövlət mülkiyyətində olan texnikanı sənədsiz mənimsəyir, sənəd düzəldə bilir və kiməsə satır? Eləcə də Oqtay adlı şəxs yaşadığı Qaradağ rayonu Qobustan qəsəbəsindəki evində ilboyu bir neçə ekskavator da toplayır ki, digər texnikalar da tamamilə sənədsiz, yararsız olur, onların da başqa-başqa adamlara açıq satışı həyata keçirilir. Bu barədə faktı polisə izahatında Oqtay özü də etiraf edib, lakin görünür ondan izahat alan təhqiqatçı özü hansısa maraqları müqabilində yekun qərar və iş materialında gizlətməyə çalışmış, Oqtayın izahatı redaktə mayor Təzəxan Dəmirov tərəfindən redaktə edilərək onun xeyrinə hazırlanmışdır.
SİTAT: “Material üzrə izahatı alınmış Misirov Oqtay Qurban oğlu özünün hal-hazırda fərdi işlə məşğul olaraq ailəsini dolandırdıgını, düşənda internet vasitəsilə, eləcə də telefon zəngləri ilə satılan traktor va ekskavator yükləyicini, saz vəziyyətdə, yəni rəngi köhnəlmiş texnikaları alaraq, təmir etdirib, rənglədib satığını bildirmşdir”.
İzahatdan da göründüyü kimi, nə təhqiqatçı, nə də polis bölməsi əsasən dövlət balansında olan ağır texnikaların necə və hansı şəraitdə, məhz nə üçün Oqtaya satılmasını, verilməsini aydınlaşdırmamış, hazırda da Oqtayın evində olan texnikaların sənədlərinin olub-olmaması aydınlaşdırılmamışdır.
Onu da bildirirəm ki, mən şəxsən Oqtayın evində Göygöl Meliorasiya və Su Təsərrüfat idarəsinə məxsus sənədsiz olan texnikanı da görmüşəm. Oqtay həmin idarənin ekskavatorunu da evində saxlamaqla vasitəçi – makler qismində satışa çıxarmışdır. Bir daha deyim ki, axı Oqtay kimdir və hansı səlahiyyətlərə sahibdir ki, müxtəlif dövlət qurumlarının mülkiyyətindəki ağır texnikaları belə asanlıqla əldə edib satışa çıxarır, mənim timsalımda vicdanlı alıcıları aldadır, satarkən də texnikalara asanlıqla rəsmi sənəd düzüb-qoşa bilir? Oqtayın bu yolla qazancından vergi vermədiyi, iqtisadi cinayətə də yol verdiyini, VÖEN-inin belə olmadığı bu dələduz adamın heç bir qanunu saymadığını bir daha sübut edir. Onun fəaliyyətindən büdcəyə vergi və digər sosial tutulmalar ödənmədiyi faktı da polis tərəfindən yoxlanmamışdır.
Şikayətim araşdırılarkən Qaradağ rayon 11-ci Polis Bölməsinin əməkdaşlarının Oqtayın evinin qarşısındakı ağır texnikalarının sənədlərini yoxlamaması, onun qanunsuz fəaliyyətinə dair sübutedici şəkil və videoçəkilişlər etməmələri də işin tam və obyektiv araşdırılmadığının sübutudur. Oqtay açıq-aydın dövlət əmlakının, dövlət balansındakı texnikaların talanmasında, aşkar dələduzluqda aktiv iştirakçıdır ki, polis məhz bu faktı araşdırmamışdır.
Təhqiqatçı Təzəxan Dəmirov iş üzrə bütün şahidləri, təmirə cəlb edilən ustaları da dindirməmişdir. Təhqiqatçı cinayət İşinin başlanmasını əsassız şəkildə rədd edərkən Oqtay Misirovun quru və yalan ifadəsinə əsaslanmaqla işini bitmiş hesab etmiş, Oqtayın ifadələrini redaktələr etməklə qeyri-obyektivlik, şikayətçiyə qərəzlilik nümayiş etdirmişdir.
İş araşdırılarkən Qaradağ rayon 11-ci Polis Bölməsinin rəisi, polis polkovniki Yasər İbadovun da qəbulunda olmuşam. Qəbul zamanı qarşı tərəfin də iştirakı ilə üzləşmə aparılmış, rəisin davranışlarında da Oqtayın müdafiəsi təmin edilmiş, mənə qərəz hiss edilmişdir. Oqtay aldığı 53 min manat pulu almadığını demiş, yalan danışaraq mənim ona borclu olduğumu iddia etmiş, rəis və təhqiqatçı T.Dəmirov da sanki yanımızda olublarmış kimi Oqtayın düz danışdığını bildirərək özlərini polis kimi yox, məhkəmənin hakimi kimi aparmışlar.
Sonda onu da bildirim ki, mənim övladım Arif Məmmədov hazırda Kəlbəcər rayonunda vətənin keşiyini çəkir. Oğlum 44 günlük vətən savaşının da iştirakçısıdır, prezident və ali baş komandanımız cənab İlham Əliyev tərəfindən bir neçə rayonun işğaldan azad edilməsinə görə medallarla təltif olunmuşdur. Özüm isə 2-ci qrup Çernobıl əliliyəm.
Yuxarıda göstərilənlərə əsasən sizlərdən XAHİŞ EDİRƏM:
Qaradağ rayon 11-ci Polis Bölməsinin təhqiqatçısı, Təzəxan Dəmirovun imzaladığı 02.01.2022-ci il tarixli QƏRARI əsassız olduğu üçün LƏĞV EDİLSİN və işin yenidən və obyektiv araşdırılmasına nəzarət DİN-in Daxili Təhqiqat İdarəsinə verilsin;
Şikayətimdə göstərdiyim bütün halların araşdırılması və dələduzluq faktı üzrə Oqtay Qurbanova müvafiq cinayət işinin açılması istiqamətində qanun aliliyi təmin edilsin!
Oqtay Misirovun qanunsuz fəaliyyətinin araşdırılması, eləcə də dövlət vergisindən yayınması halının müəyyən edilməsi və cəzalandırılması Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında dövlət vergi xidmətinin aidiyyatı rayon şöbəsinə həvalə edilsin.
İMZA: Məmmədov Səfər Baxçalı oğlu
21 yanvar 2022
Demokratik.Az
Xəbəri paylaş