Tədris ocağı "Demokratik.Az" saytının rəhbəri Osman Nərimanoğlunun sorğusunun birinci hissəsinə cavab olaraq aşağıdakıları bildirib:

Sorğunuzun əvvəlki hissəsinə cavab olaraq bildirirrik ki, “reket” jurnalistika ilə məşğul olan və törətdikləri məlum cinayət əməlləri ucbatından həbs həyatı yaşamış bir qrup şəxs son günlər şantaj məqsədilə Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) və universitetin rektoru, professor İbrahim Cəfərovun ünvanına böhtan və təhqir yağdırmaqla, universitetimizin ayrı-ayrı müəllimlərini ləkələməklə məşğuldurlar. Təbii ki, ADAU kollektivi olaraq sağlam media mühiti ilə bir araya sığışmayan, mövcud həqiqətlə uzlaşmayan iftiraları qınayırıq. Eləcə də sizin köhnə yazılarınızın, həllini tapmış bir sıra nöqsanların arxasında gizlənərək öz çirkin niyyətlərinə varmaq istəyənlərin savadsız və məntiqsiz davranışlarına üzülürük.
Adını belə çəkmək istəmədiyimiz saytda yayımlanmış bayağı müsahibədə səslənən faktlar barədə onu qeyd edirik ki, “reket” jurnalistlərin ələ aldığı müsahib həqiqətən də ADAU-nun keçmiş məzunu Yəhyayev Ramil Veyis oğludur.

Lakin, müsahibə zamanı Ramil Yəhyayev heç bir əsaslı səbəb olmadan, kimlərinsə diqtəsi ilə ADAU-ya və rektorun ünvanına nalayiq ifadələr işlətmiş, yaxın keçmişindəki tələbəçiliyini unudaraq özünün də təhsil-bilik səviyəsini aşağılamış, şəxsi və ya sifarişli mülahizələri ilə ADAU kollektivinə qarşı həqiqətdən uzaq fikirlərin yaradılmasına cəhdlər etmişdir. Bunun adı isə bir məzunun onu yetişdirmiş təhsil ocağına qarşı nankorluğudur.
Onu da bildirək ki, adıkeçən məzunumuz ADAU-nu bitirəndən qısa zaman sonra imtahan verərək “Azərişıq ASC”-də işə düzəlmişdir. Əgər ADAU-da təhsilin səviyyəsi aşağıdırsa onda o, hansı təhsil və savadla öz ixtisasından kənar bir qurumda işə düzəlmişdir?
ADAU olaraq onun müsahibəsindəki ittihamların yalan olduğunu bildirir, Universitetin Baytarlıq təbabəti fakültəsinin dekanı Famil Nəsibov barədə irəli sürdüyü əsassız iddiaları da qeyri-ciddi qarşılayır, baş verənləri universitetin işgüzar nüfuzuna təsir göstərmək və akademik imicinə xələl gətirmək məqsədi kimi qiymətləndiririk.
Universitetdə həm imtahan proseslərinin keçirilməsində, xüsusilə də “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması QAYDALARI” əsasında dekanlıq və kafedra müdiri seçkilərində şəffaflığın təmin olunduğunu, bu kimi həssas proseslərdə heç bir halda rüşvətin rol oynamadığını da qeyd edərək guya hansısa dekandan küllü miqdarda rüşvət alınmasına dair ittihamları da tamamilə rədd edirik. Bu informasiyanı məzunumuzun beyninin məhsulu olmadığını, dekan seçkisinin nəticəsinə şəxsi qərəzi olan biriləri tərəfindən sifarişlə yayıldığını ehtimal edirik.
Eyni zamanda, ötən illərdə Demokratik.Az saytında yayımlanmış məqalələrdəki nöqsanlar aradan qaldırıldığından, “reket” jurnalistlərin hazırda barəmizdə yazdıqlarını böhtan və təhqir hesab edir, bunu yayan şəxslərin cinayət və digər mülki məsuliyyətə cəlb edilmələri istiqamətində tezliklə addımlar atacağımızı bəyan edirik.
Sorğunuzda yer alan digər məsələlərə də yaxın günlərdə yazılı cavab verməyə çalışacağıq!"- deyə, ADAU-nun Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən saytımıza bildirilib.

Canlarında cinayət əməlinin tüstüsü səngiməyən cütlüyün bizə qarşı da başladılan böhtan-təhqir kompaniyasına qarşı müstəqil media olaraq təcili ölçü götürülməsi üçün tərəfimizdən Yasamal rayon Məhkəməsinə "xüsusi ittiham" qaydasında ərizə ilə müraciət ediləcək.
İnanırıq ki, ADAU-nun mətbuat Xidməti sorğumuzda yazılanların hər detalına müfəssəl aydınlıq gətirməkdə maraqlı olacaq!
Demokratik.Az