
Virtual məkan bataqlığında bəzi fərdi davranışlar istisna edilərsə, indi bu aləmdə maarifləndirmə və ictimai nəzarət həyata keçirməli olan KİV-lər də xeyli aşınmaya - çirklənməyə məruz qalıb. Bəlkə də indi bu platformanın cəmiyyətimizə faydalılıq əmsalını qorumağın tək yolu elektron KİV-lərin sağlamlaşdırılmasına dövlət nəzarətini daha da gücləndirmək, neqativlərin üzərinə getmək, müxtəlif adda domenlər və sosial şəbəkələr üzərindən yayılan məlumatların sağlamlaşdırılmasına çalışmaq, bir sıra rəsmi senzuralar belə tətbiq etmək hər şeydən vacib görünür.

Adıçəkilən "reket" jurnalistlər hazırda azadlıqdadırlar, nə yazıqlar ki, vaxtından əvvəl bayıra buraxılıblar. "Aktualxeber.az" və digər adda natamam rekvizitli yeni onlayn media platforması yaradan bu "qələmkeş"lər köhnə əməllərini davam etdirirlər. Məhkumluqları ödənməyən "reket cütlük" yəqin ki, yenidən dəmir barmaqlıqların soyuq həzzini yaşamağa, oralardan boylanmağa can atırlar.
Hazırda sözügedən saytın gündəlik yayımlarında işıq üzü görən yazıların ab-havasından, Surxay-Hİkmət cütlüyünün arzuedilməz davranışlarından da bu sezilir. Nə "Bizim dövr" adlı qaralama qəzetlərində, nə də "aktualxəbər" adlandırdıqları saytlarında bircə dənə olsun faydalı məqalələri dərc edilməmiş bu adamlar nəinki publisistikanın nə olduğunu bilmirlər, eləcə də adi plagiatlıq halları, vulqar ifadələrlə dolu xəbərlər tirajlayaraq Azərbaycan Jurnalistlərinin peşə davranışı kodeksinə də çirmələnib tüpürürlər.

Təsəvvür edin ki, yalnız ötən il üçün aktual olan, hər cümləsi bəndəniz Osman Nərimanoğlunun zehni zəhməti hesabına hazırlanmış məqalələr sərlövhəsi dəyişdirilərək silsilə şəkildə indi aktualxeber.az-ın özəl yazısı kimi oxucuya sırınır. Həmin yazılardakı faktların əksərinin indi qüvvədən düşdüyü, əksər nöqsanların da aradan qalxdığı şərt ikən, "reket" cütlüyün nə etmək istədikləri, rektor İbrahim Cəfərovu niyə və necə belə bayağı üsulla hədəfə aldıqları əslində gün kimi aydındır. Amma, bizim "qucağımızda" asanlıqla cənnətə düşməyi arzu edənlər belə bədəməl yürüşlərini dayandırmadıqca, münasib yerlərindən ağrı çəkəcəkləri qaçılmazdır.
Ziyalı dostlarımızın biri belə yerdə deyərdi ki: "özünüzü nə it, nə at, nə qaz, nə də ki, mal-qara oğrusundan qorumayın - özünüzü söz oğrularından, plagiat yaramazlardan, "şərxata-reket" jurnalistlərdən qoruyun..!".
Əfsuslar ki, tanıdığımız bir çox elektron KİV-lər də sözünü etdiyimiz məsələdə diqqətsiz davranaraq plagiator "reket"lərin ADAU-ya yönəlik yazıları yayırlar. Nəticədə, oxucu zövqü korlayan, cəmiyyətin və dövlətin informasiya təhlükəsizliyinə ciddi təhdid yağdıranların şantajcı eşqini bilərəkdən və ya bilməyərəkdən artırırlar. Qadın-kişi demədən qarşısına keçənləri illərlə şantaj etməyi "kişilik", jurnalistlik hesab edənlərə ADAU rəhbərliyi tərəfindən zəruri cavabların, rəsmi açıqlamaların operativ verilməməsi də suyu daha çox bulandırır.

Oxucularımız yaxşı bilir ki, əslində biz həmişə sağlam tənqiddən yana olmuşuq. Lakin, dediyimiz kimi, ADAU-ya qarşı adıkeçən "reket"lərin başlatdığı süni proses qeyri-sağlam mühitin ortaya gəlməsinə, cəmiyyət-məmur-jurnalist münasibətlərində şantaj elementlərinin hələ də varlığına zəmin yaradır. "Surxay-Hikmət" redaksiyasının həbsdən sonra da Azərbaycan Nəşriyyatındakı köhnə otaqlarında lövbər salmaları onlara dövlət nəzarətinin əslində o qədər də güclü olmadığını düşünməyə əsas verir. Həm də maraqlıdır; Cinayətin törədildiyi ünvanlar residivist cinayətkarları həmişə özünə tərəf çəkər, yəqin indi də belədir!..
ADAU-nun mətbaut xidmətinə də sorğu ünvanlamışıq, bir sıra vacib detallara aydınlıq gətirib oxuculara təqdim etməyə çalışacağıq!
Osman Nərimanoğlu
Demokratik.Az