Dövlət Katibi Pompeonun bəyanatı:Dağlıq Qarabağ münaqişəsinin ...
Amerika Birləşmiş Ştatları Ermənistan və Azərbaycan arasında hərbi əməliyyatların dayandırılmasını alqışlayır və Dağlıq Qarabağla bağlı humanitar fövqəladə vəziyyətə cavab tədbiri olaraq yeni yardım elan edir
Amerika Birləşmiş Ştatları Ermənistanla Azərbaycan arasında aktiv hərbi əməliyyatların dayandırılmasını alqışlayır. Son döyüş əməliyyatları başlayandan ABŞ zorakılığa son qoymağa çağırmış və mülki şəxslər də daxil olmaqla əhəmiyyətli itki ilə nəticələnən hərbi eskalasiyanı qınaməşdır. Ölən və yaralananların ailələrinə bir daha başsağlığı verir və tərəfləri beynəlxalq humanitar hüquq da daxil olmaqla beynəlxalq hüquqa dair öhdəliklərinə hörmət etməyə çağırırıq.
Son döyüşlərə son qoymaq Dağlıq Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə həllinə nail olmaq üçün yalnız ilk addımdır. Dağlıq Qarabağ münaqişəsinin Helsinki Yekun Aktının güc tətbiq edilməməsi və ya təhdid edilməməsi, ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyinetmə və bərabər hüquqlar prinsiplərinə əsaslanan davamlı siyasi həll yolu tapması üçün tərəfləri Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Qrupu həmsədrləri ilə ən qısa zamanda yenidən əlaqə qurmağa çağırırıq. ATƏT-in Minsk Qrupunun həmsədri olaraq ABŞ bu səylərdə tam olaraq iştirak edir.
Diplomatik əlaqələrimizə uyğun olaraq, ABŞ Beynəlxalq Qırmızı Xaç Komitəsinin və digər beynəlxalq təşkilatların və onların əməkdaşlıq etdikləri qeyri-hökumət təşkilatlarının son döyüşlərdən əziyyət çəkən insanlara yardım fəaliyyətlərini dəstəkləmək məqsədilə 5 milyon dollar humanitar yardım ayırır. Bu maliyyə yardımı ilə ABŞ-ın Ermənistan və Azərbaycana 2019-cu maliyyə ilindən bəri göstərdiyi humanitar yardımının toplamı 10 milyon dolları aşır. Buraya COVID-19 pandemiyasına cavab vermək, həssas mühacirlərə, köçkünlərə və onları qəbul edən icmalara kömək etmək üçün ayrılmış təxminən 3,9 milyon dollar da daxildir. Dövlət Departamenti və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən verilən yeni yardım münaqişədən zərər çəkmiş şəxsləri qida, səhiyyə, sığınacaq və digər təcili yardımla təmin etmək üçün yerli səyləri dəstəkləyəcəkdir. ABŞ hökumətinin humanitar mütəxəssisləri bu böhranın təsirlərini qiymətləndirməyə davam edirlər. Beynəlxalq cəmiyyətdəki mövcud tərəfdaşlarımızın töhfələrindən xəbərdarıq və digər hökumətləri bu səylərə yeni və artan dəstəklə qoşulmağa çağırırıq.