Cuhudlar məhəlləsi Gəncədə qədim Əttarlar məhəlləsinin tərkibində, indiki Həsənəli Qardaşları küçəsində yerləşib. Burada yaşayan sakinlər yəhudi olduğu üçün gəncəlilər küçəni “Cuhudlar məhəlləsi” adlandırıb.
Gəncədə yaşayan yəhudilər assuriyalılar tərəfindən əsir alınmış, öncə Assuriyada, sonra isə Midiyada qalmış qədim yəhudilərin törəmələri hesab olunurlar. E.ə VII əsrdə Assuriya dövləti öz mövqeyini itirəndən sonra bu yəhudilər hər yerə, o cümlədən Azərbaycana gəldilər. Gəncədə yaşayan yəhudilər “dağ cuhudları” adlanırdı. Deyilənə görə, simaca onlar yerli xalqdan seçilmirdilər.
Vaxtilə burada yaşayan yəhudilər ayaqqabı tikməklə məşğul olublar. Bu səbəbdən, onların yaşadığı küçəyə bəzən “Məstçilər məhəlləsi”də deyilirdi. Yəhudilər işlətdikləri bəzi məmulatları Əttarlar məhəlləsində yaşayan dabbaqlardan (mal-qaranın dərisinin aşılanması ilə məşğul olan sənətkarlar) alırdılar. İlk dəfə tumacı Gəncəyə yəhudilər Tiflisdən gətiriblər. Sonradan isə yerli dabbaqlar yəhudilərdən onun hazırlanma üsulunu öyrəndilər. Yəhudilər, həmçinin Gəncəyə Tiflisdən parça, iynə-sap gətirirdilər.
Yəhudilərin Gəncədə Sinaqoqları olmadığı üçün onlar Alban kilsəsindən ibadətgah kimi istifadə edirdilər. Gəncə çayının sağ sahilində, “Qırmızı kənd” adlanan yaşayış yerində yəhudilərin qəbiristanlığı var idi.
1804-cü ildə Rus imperiyasının Gəncəni işğal etməsindən sonra bura Rusiyadan, Ukraynadan, Polşadan və başqa Avropa ölkələrindən yəhudi ailələri köçdü. Gəlmə yəhudilər dağ yəhudilərindən (cuhudlardan) fərqli olaraq “rus cuhudu” adı ilə tanınırdılar. Onlar yerli yəhudilərdən fərqlənirdilər.
Gəlmə yəhudilər Gəncədə müəllim, həkim, mühəndis, musiqiçi kimi fəaliyyət göstərirdilər. Nikolski, Zilbelman, Mozer, V.Krinyova Gəncədə və ətraf bölgələrdə həkim kimi tanınırdılar.
1880-ci illərdə Gəncədə Laron Derkovski, Debora Frengel, Şlyuloqbed Troşin kimi stomatoloqlar yaşayırdı. Karl Habeylandın Cuhudlar küçəsində limonad sexi var idi. Laron Pinelman Gəncədə ticarətlə məşğul olurdu və onun evi bu gün Gəncə Qaz İstismarı İdarəsidir.
Hal-hazırda məhəllədə yəhudilərdən heç kim yaşamır.