Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.
Nazirlikdən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 13-də güclü cənub-qərb küləyi əsəcək, yanvarın 14-də güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.
Yanvarın 14-dən 15-i səhərədək hava şəraitinin yağıntılı olacağı gözlənilir. Arabir intensivləşəcəyi, 14-də axşam, 15-nə keçən gecə bəzi yerlərdə yağışın sulu qara keçəcəyi ehtimalı var.
Yanvarın 14-də havanın temperaturu ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı enəcək, 0-3 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında yanvarın 13-ü axşamdan 15-dək hava şəraitinin kəskin dəyişəcəyi, qeyri-sabit keçəcəyi gözlənilir. Arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var.
Yanvarın 13-də güclü cənub-qərb küləyi 14-də güclü şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı enəcək. Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.
Bakıda və Abşeron yarımadasında yanvarın 13-də hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.
Güclü cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 0-3, gündüz 7-12, Bakıda gecə 1-3, gündüz 8-10 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 761 mm civə sütunundan 753 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.
Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Cənub-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, yanvarın 23-də Abşeron yarımadasında atmosfer təzyiqinin enməsi fonunda güclü gilavar küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.
RegionTV.info
Xəbəri paylaş