RegionTV.info
Vətəndaş Səfər Məmmədovun "Demokratik TV"-yə bildirdiyinə görə, bir müddət əvvəl (01.12.2020-ci ildə) Bakı sakini Oqtay Qurbanovdan VOLVO markalı, AZ16-T-277 dövlət nömrə nişanlı yükləyici EKSKAVATOR alıb. Sonra, texnikanı sənədləşdirərək Gəncəyə gətirib, lakin, qısa zaman sonra ekskavatorda ciddi nasazlıq halları aşkarlanıb, dəfələrlə təmir edilsə də heç bir faydası olmayıb.
Məmmədovun sözlərinə görə, adıkeçən Oqtay Qurbanov əslində ona qarşı dələduzluq edib, onu bu yolla aldadıb, texnikanı nasaz halda ona 53 min manata satıb. İndi isə nə ekskavatoruna sahib çıxmır, nə də əməlli təmir etdirib düzəltdirmir. Əksinə, ona hədə-qorxu gəlir, alıcını təhdid edir.
Maddi imkanlarının olmadığını deyən şikayətçi ekskavatorun hazırda Bakıda servisdə təmirə dayandığını, özünün də məcburiyyətdən paytaxt küçələrində gecələdiyini, pulsuz qaldığını deyir. Qurbanov isə nə aldığı pulu geri qaytarmır, nə də ekskavatorun təmirində maraqlı deyil.
Səfər Məmmədovun dediklərindən və sənədlərdən o da aydın olur ki, ekskavatorun texniki pasport göstəricilərində sənədi verən orqan Kəlbəcər rayon (DAİM) Dövlət Aqrar İnkişaf Mərkəzidir. Eləcə də Oqtay adlı şəxs yaşadığı Qaradağ rayonu Qobustan qəsəbəsindəki evində bir neçə ekskavator da var ki, sənədsizdir, onların da açıq satışını həyata keçirir.
Diqqət çəkən iddiaya görə, vətəndaş Oqtay Qurbanov Göygöl Meliorasiya və Su Təsərrüfat idarəsinə məxsus sənədsiz olan texnikasını da öz evindən satışa çıxarıb. Maraqlıdır, görəsən kimdir? Adi vətəndaş kimi onun arxasında kim durur ki, o, müxtəlif dövlət qurumlarının mülkiyyətindəki ağır texnikaları belə asanlıqla əldə edib satışa çıxarır, satarkən də texnikalara rəsmi sənəd düzüb-qoşa bilir?...Oqtay Qurbanovla da qarşı tərəf kimi münasibət öyrənə bildik. Qurbanov isə açıqlamasında alıcıya qarşı müəyyən iradlar səsləndirib, texnikanın təmirində şikayətçinin özünün məşğul olmalı olduğunu bildirdi. Digər məsələlərə münasibət bildirməkdən isə dolayısıyla yayındı.
İnanırıq ki, şikayətçinin DİN rəhbərliyinə və digər dövlət qurumlarının rəhbərinə çağırışı eşidiləcək, şikayətçinin iddialarına aydınlıq gətiriləcək. Oqtay Qurbanovun əməllərinə hüquqi qiymət veriləcək..
Xəbəri paylaş