
RegionTV.info bildirir ki, prezident Rəcəb Tayyib Ərdoğanın ötən həftə açıqladığı maliyyə tədbirləri planından sonra dolların məzənnəsi sürətlə enərək bu həftənin əvvəllərində 12-12,5 TL səviyyəsində qərarlaşmışdı. Lakin dünəndən etibarən məzənnə yenidən sürətlə enməyə başlayıb, təkcə bu gün dollar türk lirəsi qarşısında 10 faizdən çox dəyər itirib və 10,7 lirəyə qədər enib. (Bakı vaxtı ilə saat 16.00-a olan məlumat)
Xatırladaq ki, hökumətin açıqladığı qərarlara əsasən banklarda lirə depoziti olanlar onu dollara çevirməyə bilərlər, çünki hökumət dollara indekslənmiş depozit seçimi təklif edir. Yəni depozit müddətinin sonunda dolların məzənnəsi depozitin qoyulduğu tarixdə olan məzənnədən artıq olsa aradakı fərqi dövlət ödəyəcək. Bu qərar valyuta bazarındakı ajiotajın səngiməsinə səbəb olub, amma iqtisadçılar dollara indekslənmiş lirə depozitlərinə keçidin nə dərəcədə uzunmüddətli effekt verəcəyini təxmin etməkdə çətinlik çəkirlər.

Digər məlumatlara görə Mərkəzi Bank hökumətin dollara indekslənmiş lirə depozitləri qərarının ardınca məzənnəni daha da aşağı salmaq üçün bazara müdaxilə edib. Bu həftənin bazar ertəsi və çərşənbə günü Mərkəzi Bankın rekord həcmdə-7 milyard dollarlıq rezerv satışı həyata keçirdiyi bildirilir. HSBC Portföy bankı da Mərkəzi Bankın iki gündə 7 milyard dollar satdığını açıqlayıb. Lakin bazara bu müdaxilənin qapalı olduğu bildirilir.