RegionTV.info GƏNCƏ
Azərbaycan Zəfər paradında beynəlxalq aləmə hərbi gücü, qüdrəti ilə bağlı mesajını çatdırdı”.
Ötən il dekabrın 10-da Azərbaycanın tarixində ilk Zəfər paradının keçirildiyi şanlı gün kimi yazıldı. Qələbə Paradı şəhidlərimizin, yüzlərlə qazimizin, Ermənistanın faşizm siyasətinin qurbanlarının qisasının alındığının sübutu kimi əbədi olaraq yaddaşlarımıza həkk olundu.
Dünyanın diqqətinin Azərbaycanın üzərində olduğu bir vaxtda, Azərbaycan xalqı Zəfər paradında Qələbəsini bayram etdi. Qarabağın döyünən ürəyi olan Şuşada dalğalanan üçrəngli bayrağımız qalibiyyət rəmzi kimi hərbi paradda göstərildi. 3000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, hərbi gəmi və katerlər, eləcə də Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi Azadlıq meydanında nümayiş etdirildi.
RegionTV.info xəbər verir ki, bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.
Deputat bildirib ki, Zəfər paradı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun, dövlətinin gücünün göstəricisi, xalqın çoxdan arzuladığı tarixi bir hadisənin təsdiqi oldu.
Zəfərimizə hər zaman olduğu kimi Vətən müharibəsinin ilk günlərindən Azərbaycanın yanında olan qardaşı Türkiyə də sevinirdi. Sevincimizə sevinib, kədərimizə kədərlənən Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın rəmzi olaraq 2783 mehmetcik ilə Zəfər paradında iştirakı, qardaş ölkənin 44 günlük Vətən müharibəsində Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırdı. “Bir millət, iki dövlət” olan qardaş ölkələrin igidləri yan-yana, çiyin-çiyinə qürurla möhtəşəm qələbə sədaları altında addımladılar. Bu həm də Türkiyə-Azərbaycan qardaşlığının dünyaya yeni bir təqdimatı oldu.
Prezidentimiz İlham Əliyev Zəfər paradında xüsusi ilə vurğuladı ki, “Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Paradların birində mən demişdim ki, parada 2016-cı ildə Lələtəpə yüksəkliyində qaldırılmış bayraq gətiriləcək. Demişdim ki, gün gələcək və bu gün işğaldan azad edilən torpaqlarda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və bu gün gəldi. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik”.
“Dəmir yumruq” əməliyyatı - Azərbaycanın 44 günlük Vətən müharibəsində möhtəşəm Qələbəsinin faşist ideologiyasından ruhlanan Ermənistanı məğlub etdiyini, işğalçılıq siyasətinə son qoyduğunu söyləyən Pərvin Kərimzadə deyib: “Vətənimizin azadlığı uğrunda müzəffər yürüşə çıxan, müqəddəs amal uğrunda “öldü var, döndü yox!” deyən qəhrəman oğullarımız işğal altında olan dədə-baba torpaqlarımızdan düşməni birdəfəlik qovdular. “Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Bizim azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq. Mən demişəm ki, bizim hər birimiz bu işdə fəal olmalıyıq. Biz düşmən tərəfindən dağıdılmış şəhər və kəndlərimizi birlikdə bərpa edəcəyik. Bizim iradəmiz də var, imkanlarımız da var” deyən Ali Baş Komandanımız, Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Məhz Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, əzmkar oğullarımızın polad iradəsi sayəsində cəmi 44 gün ərzində haqq savaşımız Qələbə ilə başa çatdı, tarixi ədalət zəfər çaldı. Azərbaycan Zəfər paradında beynəlxalq aləmə hərbi gücü, qüdrəti ilə bağlı mesajını çatdırdı”.
Deputat bildirib ki, müasir tariximizin ən şərəfli səhifəsi olan Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələndi. “Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qazandığı parlaq zəfərlər, şanlı qələbələr tariximizin ən parlaq səhifələrinə qızıl hərflərlə həkk olundu. Dekabrın 10-da böyük siyasi, mənəvi əhəmiyyətə malik, eyni zamanda, rəmzi məna daşıyan hərbi parad rəşadətli Azərbaycan Ordusunun gücünün, qüdrətinin dünyaya növbəti nümayişi kimi tarixə düşdü. Zəfər paradı, eyni zamanda yumruq kimi bir olmağımızın, milli birliyimizin, həmrəylimizin, dövlət müstəqilliyimizin əbədi və dönməzliyinin təsdiqi oldu”, - deyə Pərvin Kərimzadə vurğulayıb.
Xəbəri paylaş