Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

SON DƏQİQƏ! Sərhədə yenə tanklar, artilleriya qurğuları və “Buk-M1” kompleksləri cəmləşdirilir



ABŞ və Rusiya prezidentləri arasında dekabrın 7-də baş tutmuş danışıqlar belə görünür ki, Ukrayna ətrafındakı gərginliyi yumşaltmayıb. Və Rusiya ordusunun yeni birləşmələri sərhədə cəmləşdirilir.

Regiontv.info  xəbər verir ki, Rusiyanın Ukrayna ilə həmsərhəd Voronej şəhəri ətrafındakı Maslovka dəmir yol stansiyasında çoxsaylı ağır texnika, o cümlədən “Buk-M1” zenit-raket kompleksləri yeklənmiş eşalon qeydə alınıb. Kadrlarda bir neçə “Msta-S” özüyeriyən artilleriya qurğusunun, T-80U tanklarının və “Buk-M1” komplekslərinin yekləndiyi eşalon görünür, daha bir eşalonda isə ancaq “Buk-M1” kompleksləri və “Kupol” RLS-ləri daşınır.  Bu kadrlar Rusiya ordusunun “Buk-M1” komplekslərinin bütöv diviziyonunun Ukrayna sərhədinə yeridildiyini təsdiq edir. Komplekslərin nömrələri örtülü olub.
 
Rusiya Telegram-kanalları hazırda Maslovka stansiyasında Moskva ətrafından, Nijeqorodsk və Smolensk vilayətlərindən gələn, hərbi yüklər daşıyan qatarların olduğunu bildirir. Həmin stansiyanın yaxınlığında Rusiya ordusunun tank diviziyası, 288-ci artilleriya briqadası və 49-cu zenit-raket briqadası cəmləşdirilib. Bu bölmələr 1-ci qvardiya tank ordusunun tərkibinə daxildir, həmin ordunun bölmələri daha əvvəl Maslovka stansiyasında görünmüşdü.
Xatırladaq ki, Rusiya Ukrayna sərhədləri boyu 175 minlik qruplaşma cəmləşdirib və ABŞ kəşfiyyatının məlumatlarına görə, Kreml yanvarın sonlarında, fevralın əvvəllərində irimiqyaslı hərbi müdaxilə əmri verə bilər. ABŞ prezidenti Cozef Bayden rusiyalı həmkarını xəbərdar edib ki, onun ölkəsi Ukraynaya qarşı müdaxiləyə sərt iqtisadi sanksiyalarla cavab verəcək. Bəs ABŞ-ın sanksiyaları rus hərb maşınını dayandıra bilərmi?
 
Amerikanın özündə bu barədə fikirlər haçalanır. “The Washington Post” qəzetinin baş məqaləsində müəllif David İqtatius bildirir ki, əgər Kreml Baydenin xəbərdarlıqlarına məhəl qoymasa və hər halda Ukraynaya qarşı irimiqyaslı hərbi müdaxiləyə qərar versə Rusiya prezidenti Vladimir Putini və onun ölkəsini “fəlakətli nəticələr” gözləyəcək.
“Təsəvvür edək ki, çərşənbə günü baş tutmuş telefon diplomatiyasına baxmayaraq Putin Ukraynaya 175 minlik qüvvə ilə müdaxilə edəcək qədər düşüncəsizdir. O zaman nə baş verəcək?”, - müəllif sual edir.
 
“Məlumatlı mənbələrin qiymətləndirmələrinə görə, 400 mindən çox ukraynalı 2014-cü ildən sonra ən azından ibtidai hərbi hazırlıq keçib. Əllərdə 1 milyon vahiddən çox AK-47 və digər avtomat silahlar var”, - jurnalist qeyd edir. Müəllif əmindir ki, əgər Putin Ukrayna ərazilərinin müəyyən hissəsində Rusiyayönümlü marionet hökumət qura bilsə də təcavüzün uzunmüddətli nəticələri Moskva üçün qorxunc olacaq. Əgər Bayden sözünün üstündə dursa və sərt sanksiyaları tətbiq etsə Rusiya iqtisadiyyatı dağılacaq. O cümlədən SWIFT  beynəlxalq ödəmə sisteminə çıxışın dayandırılması Rusiyanı tam təcrid vəziyyətinə salacaq.
Lakin “New York Times” qəzeti fərqli mövqedədir və yazır ki, Baydenin vəd etdiyi iqtisadi sanksiyalar Rusiyanı dayandıra bilməz. Üstəlik Rusiyanın energetika sektoruna sanksiyaların tətbiq edilməsi bazarda vəziyyəti qəlizləşdirəcək, çünki neftin və qazın qiyməti indi onsuz da yuxarıdır. Bundan əlavə, həmin sanksiyalar Rusiyanın enerji daşıyıcıları təchizatından asılı olan Avropa İttifaqı ölkələrinə ciddi zərbə vuracaq. Belə ki, Rusiya bank sektoruna tətbiq edilən sanksiyalara cavab olaraq Avropanın qaz təchizatını dayandıra bilər.
 
Rusiyanın SWIFT sisteminə girişinin bloklanması ən ciddi tədbir olardı, amma bu da qısamüddətli effekt verəcək. Müqayisə üçün qeyd olunur ki, İran hələ 2018-ci ildə bu sistemdən kənarlaşdırılıb, amma Tehran nüvə məsələsində kursunu dəyişməyib. Rusiyaya münasibətdə belə addım isə ancaq Kremlin mövqeyinin daha da sərtləşməsinə gətirib çıxara bilər.
Nəhayət qəzet qeyd edir ki, daha əvvəl Moskvaya qarşı tətbiq edilmiş sanksiyaların effekti olmayıb. Bu sanksiyalar Rusiyanın Krımı özünə birləşdirməsinə və Donbassdakı münaqişəyə mane ola bilmədi. Ona görə də Bayden administrasiyasının ölçüb-biçdiyi yeni sanksiyaların nə dərəcədə effektli olacağı şübhəlidir.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də